VISA şirkəti Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlığı dəstəkləyəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov VISA şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və VISA şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Anlaşma Memorandumu iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlıq mühitinin dəstəklənməsinə mühüm töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə