Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTOLAR
Son on ildə Sumqayıt şəhərində genişmiqyaslı abadlıq və infrastruktur layihələri icra olunub. SİA xəbər verir ki, mənzil fondunun yenilənməsi, yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaşıllaşdırma tədbirləri, həmçinin enerji, su və qaz təchizatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Görülən işlər şəhərin simasının müasirləşməsinə və sakinlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edib.
Şəhərin çoxmənzilli yaşayış binalarında genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb. Belə ki, 1200 çoxmənzilli binanın dam örtüyü yenidən qurulub, 935 binanın zirzəmisi təmizlənərək şəbəkələri əsaslı təmir olunub. 795 binanın, eləcə də 4 yataqxananın fasadı yenilənib, 47 bina aqlay daşla üzlənib və 6500 bina girişi əsaslı təmir olunub. Əlavə olaraq, şəhərin mikrorayon və məhəllələrində 80 nümunəvi məhəllə salınaraq sakinlərin istifadəsinə verilib. Şəhərdə 580 köhnə lift yeni müasir liftlərlə əvəzlənib, 44 lift əsaslı təmir olunub, 2019-cu ildə isə Qafqazda ilk dəfə olaraq liftlər “Onlayn” İntellektual İdarəetmə sisteminə qoşulub.
Ümumilikdə son on ildə Sumqayıtda yol infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülüb. Belə ki, şəhərin küçə və prospektlərində 4,5 milyon kvadratmetrdən çox sahəyə asfalt örtüyü döşənib. Bununla yanaşı, 129 min kvadratmetr səkilər tametlərlə döşənib, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Küçələrin tam işıqlandırılması üçün ümumilikdə 4409 yeni dirək, 18796 led bəzək quraşdırılıb, 15757 ədəd elektrik fənəri dəyişdirilib.
Bu dövrdə 250 yeni avtobus marşrut xəttlərinə buraxılıb, 200 dayanacaq quraşdırılıb.
Son illər yeni parkların salınması, bulvarın inşası və geniş yaşıllaşdırma tədbirləri nəticəsində şəhərin yaşıllıq sahəsi 619 hektardan 1163 hektara çatdırılaraq iki dəfə artırılıb.
Şəhərin infrastrukturunda da mühüm dəyişikliklər həyata keçirilib. Məişət tullantılarının yığılması və daşınması üçün yeni texnika və avadanlıqlar alınıb. Ötən dövrdə şəhər İcra Hakimiyyəti tərəfindən Təmizlik Departamentinə 46 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi və texnika verilib, 9474 ədəd müxtəlif ölçülü tullantı qutusu quraşdırılıb, ümumilikdə 6,8 milyon kub metr məişət tullantısı daşınıb. Şəhərin qaz və su təchizatı da gücləndirilib – 264,7 km qaz xətti və 30 km su xətti yenilənib. Enerji təminatının yaxşılaşdırılması üçün isə 49 güc mərkəzi və bir neçə yeni yarımstansiya istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə