“Aqrar sektorun inkişafı üçün müasir texnologiyanın tətbiqi vacibdir“ - ŞƏRH EDİLDİ
“Azərbaycanın xarici ölkələrlə əlaqələrini gün keçdikcə genişləndirməsi aqrar sektorun inkişafına öz müsbət təsirini göstərir. Nəinki aqrar sektorun inkişafında, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Azərbaycan bir çox ölkələrə pampıq, üzüm, xurma və digər kənd təsərrüfatı məhsulları ixrac edir. Sözsüz ki, xarici ölkələrdən də müəyyən kənd təsərrüfatı avadanlıqları, eləcə də sənaye məhsulları idxal olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, ölkənin iqtisadi inkişafında xarici ölkələrlə yaradılmış əlaqələr çox vacibdir: “Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə mühüm sənədlər imzalamış, eləcə də kənd təsərrüfatı sahəsində imzalanmış bir çox müqavilələr deməyə əsas verir ki, aqrar sektor inkişaf etməkdədir. Bizim qardaş Türkiyə, eləcə də Rusiya, Gürcüstan və digər respublikalarla qarşılıqlı münasibətlər genişlənir.
Aqrar sektorun inkişafı üçün müasir texnologiyanın tətbiqi çox vacibdir. Bu səbəbdən də xarici ölkələrdən müvafiq avadanlıqlar alınmasına üstünlük verilir. Qarşıya qoyulan başlıca vəzifələrdən biri texnologiyaların tətbiqi ilə əlaqədar qabaqcıl təcrübələrin öyrənilməsi və təsərrüfata tətbiq olunmasıdır. Məhsuldarlığın artırılması istiqamətində görülən işlər kənd təsərrüfatının inkişafına mühüm töhfələr verir. Aqrar sahə Azərbaycan iqtisadiyyatın mühüm əhəmiyyətə malik sahələrindəndir. Bu sahəyə dövlətin qayğısı da ildən-ilə artır. Bu da əhalinin işlə təmin olunması, həm də maddi vəziyyətin yaxşılaşmasında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə