"Stansiyanın istifadəyə verilməsi Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1974-ci ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması tariximizin unudulmaz səhifəsidir. Çünki Mingəçevir tarixən energetika mərkəzi kimi tanınır və bu gün şəhərdə cənab Prezident İlham Əliyev tərəfindən “8 Nöyabr” Elektrik Stansiyasının açılışı qürurvericidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, bu stansiya çox böyük potensiala malikdir və 1880 meqavatt gücündə olan stansiyanın istifadəyə verilməsi tək Azərbaycan üçün deyil, Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir.
“Məlum olduğu kimi, hazırda ölkənin elektrik enerjisinin 40faizdən çoxu Mingəçevirdə istehsal olunur. Cənab İlham Əliyev açılış mərasimində bildirmişdir ki, “8 Nöyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirir və stansiyanın yaradılması, qısa müddət ərzində işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
Bu bir həqiqətdir ki, Azərbaycan bu gün nəinki Cənubi Qafqazın eləcə də Avropanın enerji təhülkəsizliyinin təmin olunmasından başlıca rol oynayır. Ölkəmiz elektrik enerjisi idxal edən bir ölkədən ixrac edən ölkəyə çevrilibdir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan enerji strategiyasının Prezindentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla həyata keçirilməsi iqtisadi inkişafımıza təkan verməklə, xalqımızın xoşbəxt gələcəyinə və dövlətimizin inkişaf etməsinə xidmət edir. Stansiyanın “8 Nöyabr” adlandırılması isə düşmən üzərində qələbəmizin rəmzidir və bu təqdirəlayiqdir, hər birimizi sevindirir, qələbələrə ruhlandırır”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə