"“8 Noyabr Elektrik Stansiyası” bu strategiyanın bariz nümunəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Müasir dövrümüzdə enerji generasiyası sadəcə texniki məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Artıq zamanın tələbidir ki, ölkələr yalnız bu günü deyil, həm də yaxın gələcəkdəki enerji ehtiyaclarını planlaşdırsınlar və bu istiqamətdə dayanıqlı addımlar atsınlar. Enerji resurslarına sahib olmaq və bu resursları səmərəli şəkildə idarə etmək əslində bir dövlətin gücünün göstəricisinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan da bu reallığı çox erkən dərk edərək enerji strategiyasını zamanın çağırışlarına uyğunlaşdırıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, enerji məsələsi təkcə iqtisadi inkişafla deyil, həm də ölkənin təhlükəsizlik və sabitliyi ilə birbaşa bağlıdır. Məhz buna görə də İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın enerji infrastrukturuna qarşı birbaşa hücumlar həyata keçirildi. Lakin bu təxribatların qarşısı qətiyyətlə alındı: "Bu hadisələr bir daha göstərdi ki, kimlərsə dağıdır, kimlərsə isə qürur və inşa edir. Azərbaycanın mövqeyi isə birmənalıdır: qurmaq, inkişaf etdirmək və bölgəyə fayda vermək. Hazırda Azərbaycan yalnız öz enerji ehtiyaclarını deyil, həm də qonşu ölkələrin — Gürcüstan, Türkiyə, Rusiya, İran və digərlərinin — enerji təhlükəsizliyini təmin edən mühüm aktora çevrilib. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasına və regional əməkdaşlığın güclənməsinə şərait yaradır. Ermənistan isə təəssüf ki, bu mühüm proseslərdən kənarda qalır. Siyasi qeyri-müəyyənlik, strateji hədəflərin olmaması və qeyri-praqmatik yanaşmalar səbəbilə bu ölkə özünü regionun enerji layihələrindən təcrid edib.

Bunun əksinə olaraq, Azərbaycan öz strateji kursunu dəqiq müəyyənləşdirib və xüsusilə alternativ və yaşıl enerji mənbələri sahəsində mühüm irəliləyişlər əldə edir. Günəş, külək, bioenerji və digər alternativ mənbələrə yönəlmiş layihələr dayanıqlı inkişafın təməlini qoyur. Bu, həm ekoloji baxımdan əhəmiyyətlidir, həm də enerji asılılığını minimuma endirir.

Enerji generasiyası iqtisadi artımın əsas dayağıdır. Sürətlə inkişaf edən iqtisadiyyat daha çox enerji tələb edir. Dünyada bir sıra uğurlu enerji modelləri mövcuddur, lakin Azərbaycan bu sahədə özünəməxsus inkişaf yolunu seçib. Çin, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə əməkdaşlıq edirik, lakin bu əməkdaşlıqlar asılılıq yaratmır, əksinə, gələcəyə hazırlığın bir hissəsi kimi qəbul edilir. “İşıqlı gələcək” dedikdə biz yalnız metaforik olaraq sabaha ümidlə baxmaqdan danışmırıq, həm də konkret mənada enerji ilə təmin olunmuş, rahat, təhlükəsiz və rifahlı bir cəmiyyət qurmaqdan bəhs edirik.

Texnoloji suverenlik də bu prosesin ayrılmaz hissəsidir. Qərb ölkələrinin texnologiya sahəsində tətbiq etdiyi qapalı və bəzən gizli siyasətə baxmayaraq, Azərbaycan texnologiya sahəsində həm daxili potensialını artırmağa çalışır, həm də öyrəndiklərini bölüşməyə hazır olduğunu nümayiş etdirir. Bu, regional liderlik iddiasının təməl sütunlarından biridir.

Yeni istifadəyə verilmiş “8 Noyabr Elektrik Stansiyası” bu strategiyanın bariz nümunəsidir. Bu layihə yalnız enerji infrastrukturu baxımından deyil, həm də idarəçilik, planlaşdırma və texniki icra baxımından yüksək səviyyədə həyata keçirilib. Stansiya qısa müddətdə, vaxt və resurslara qənaətlə inşa olunub. Müasir dövrün ən qiymətli resursunun vaxt olduğu şəraitdə bu cür sürətli və keyfiyyətli layihələrin həyata keçirilməsi Azərbaycanın çevik idarəetmə və strateji planlama bacarığının göstəricisidir. Bütün bu proseslərin nəticəsində Azərbaycan öz milli təhlükəsizliyini möhkəmləndirir, regionda sabitliyə töhfə verir və Avropa bazarına dayanıqlı enerji ixracı həyata keçirir. Bu da birbaşa şəkildə insanların rifahına, cəmiyyətin sosial-iqtisadi inkişafına və ölkənin beynəlxalq mövqeyinin güclənməsinə təsir göstərir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə