Aqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib

Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. SİA nazirliyə istinadən xəbər verir ki, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir.

Bundan başqa, 5 ay ərzində agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb.

Həmçinin hesabat dövründə ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin əvvəlindən 2025-ci ilin mayın sonuna qədər ölkədə 92 919 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə əldə olunub ki, bunun da 1 412-si taxılyığan kombayn, 222-si pambıqyığan kombayn, 20 804-ü traktor, 70 481-i isə digər texnikalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə