"İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşları sırasındadır" - ŞƏRH EDİLDİ

"İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşları sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan enerji təsərrüfatında dərin struktur islahatları apararaq bu sahəni demək olar ki, sıfırdan yenidən qurmuşdur: "Bu prosesin nəticəsi olaraq, hazırda Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkələrindən birinə çevrilmişdir. Xüsusilə, Mingəçevirdə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji sektorunda mühüm hadisədir. Bu stansiya Azərbaycanın elektrik enerjisinə olan tələbatının təqribən 40%-ni təmin etməklə, ölkənin Qafqaz regionunda enerji mərkəzinə çevrilməsində mühüm rol oynayır.

Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkənin enerji resurslarından səmərəli istifadə təmin olunur. Eyni zamanda, yaxın perspektivdə Azərbaycanın yaşıl enerji potensialı, xüsusilə bərpa olunan enerji sahəsində əldə olunan nailiyyətlər, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaqdır. Bu kontekstdə İtaliya və Çin ilə enerji, texnologiya və infrastruktur sahələrində mövcud olan strateji tərəfdaşlıq əlaqələri Azərbaycanın uzunmüddətli milli maraqlarına və strateji hədəflərinə nail olunmasında mühüm əhəmiyyət daşıyır"- deyə deputat əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə