Azərbaycan ilə Xorvatiya arasında ortaq mədəni layihələr müzakirə olunacaq
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib. Nazirlikdən SİA-ya bildirilib ki, səfərin məqsədi Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ötən ilin martında Bakıda keçirilmiş 3-cü iclasında əldə olunmuş razılaşmaların icrasının fəallaşdırılması və iki ölkənin müvafiq biznes strukturları arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.
Səfər, eyni zamanda Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələrin inkişafı, təcrübə mübadiləsi, o cümlədən respublikamızda mədəni və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən biznes subyektlərinin məhsul və xidmətlərinin bu ölkəyə ixrac potensialının dəyərləndirilməsi, yeni əməkdaşlıq münasibətlərinin qurulması məqsədi daşıyır.
Nümayəndə heyətində Azərbaycanın MYS-lər üzrə biznes subyektləri də geniş təmsil olunur.
Səfər zamanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obuljen Koržinek arasında ikitərəfli görüş keçiriləcək.
Eyni zamanda, iki ölkənin biznes strukturları, o cümlədən MYS üzrə ixtisaslaşmış biznes nümayəndələrinin görüşünün təşkil edilməsi, ortaq layihələrin müzakirəsi nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin Xorvatiyanın “Kultura Nova" Fondunun rəhbərliyi ilə də, həmçinin Xorvatiyanın Milli və Universitet Kitabxanasının fəaliyyəti ilə tanışlığı da gözlənilir. Həmçinin Azərbaycan nümayəndə heyəti Xorvatiya Audiovizual Mərkəzində ölkənin kino və media sahəsindəki inkişaf modeli ilə tanış olaraq potensial əməkdaşlıq imkanlarını da araşdıracaq.
Səfər çərçivəsində Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə mədəni proqram da planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə