"Qarlı-şaxtalı hava zərərvericiləri məhv edir" - QURUM RƏSMİSİ DANIŞDI

"Siçanabənzər gəmiricilər kənd təsərrüfatı sektorunda, xüsusilə taxılçılıq sahəsində əsas zərərverici faktorlardan biridir. Əkin aparılmayan və ya əvvəllər əkin aparılıb artıq çıxış əldə olunan sahələrdə torpağın aşağı qatında müxtəlif yuva topaları yaradıb, qışlayırlar. Bu baxımdan hal-hazırda işğaldan azad olunmuş ərazilərdə artan dinamika müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Cəfər Məhərrəmov deyib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin ərazilərdə uzun illər əkin işləri aparılmamasıdır: "Odur ki, o ərazilər zərərvericilərin sığınacağına çevrilib. İndi orada mədəni əkinçilik işləri həyata keçiriləndə də zərərvericilər həmin o təbii ocaqlardan onlar üçün əsas qida mənbəyi olan taxıl sahələrinə miqrasiya edirlər. Siçanabənzər gəmiricilərin əsas təhlükəsi ondan ibarətdir ki, onların bir cütündən il ərzində 13-15 min gəmirici əmələ gələ bilir".

Sədr sözlərinə davam edərək bildirib ki, buna qarşı mübarizə tədbirləri məqsədilə mütəmadi olaraq müşahidələr, monitorinqlər həyata keçiririk: "Gəmiricilər hazırda bizim əsas hədəf obyektlərimizdən biridir. Buna qarşı kimyəvi mübarizədən əlavə, aqrotexniki mübarizə üsulları da həyata keçirilə bilər. Bunun üçün növbəli əkinçilik sisteminə riayət olunmalıdır. Nə qədər çox taxıl əkilərsə, bir o qədər çox gəmiricilərin olma ehtimalı var. Qeyd etmək istərdim ki, kənd təsərrüfatı sahələrində istifadə etdiyimiz preparatlar gəmiricilər üçün nəzərdə tutulsa da, yenə də təbiətdəki digər canlıların da təhlükəsizliyi nəzərə alınır.

Son olaraq hava şəraitinin də zərərvericilərə təsiri olduğunu söyləmək lazımdır. Qarlı-şaxtalı hava zərərvericiləri məhv edir. Əgər havalar qış ərzində şaxtalı keçməyə davam edərsə, bu gəmiricilərin kaloniyalarının sayına daha çox təsir edəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə