Noyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bülbül Fondunun prezidenti, ölkəmizin Rusiya Fedrasiyasındakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu çıxış ediblər. Qeyd edilib ki, vokalçıların Bülbül adına birinci Beynəlxalq müsabiqəsi görkəmli müğənni Bülbülün anadan olmasının 100 illiyi ərəfəsində, 1997-ci ildə xalqımızın ümummilli lideri, mədəniyyətimizin təəssübkeşi Prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə keçirilib. Ötən müddətdə müsabiqənin coğrafiyası daha da genişlənib. Bu il yarışmada 11 ölkədən 76 vokalçı iştirak edib.
Vurğulanıb ki, müsabiqənin tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəyinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxil ediliblər.
Sonra qaliblərə laureat adı və diplomlar təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin Bülbül Fondu ilə birgə təşkil etdiyi beynəlxalq müsabiqənin Qran-pri mükafatını Qazaxıstan təmsilçisi Azamat Jeltırquzov qazanıb.
Münsiflər heyətinin qərarı ilə birinci yerə Ramiz Usmanov (Özbəkistan), Aleksandr Çuvpilo (Ukrayna), ikinci yerə Aleksey Lavrov (Rusiya), Jenisbek Piyazov (Özbəkistan), üçüncü yerə Jalə İsmayılova (Azərbycan), Mariya Kublaşvili (Gürcüstan), dördüncü yerə isə Konstantin Brjinski (Rusiya) və Azər Rzazadə (Azərbaycan) layiq görülüblər.
İştirakçılara müxtəlif nominasiyalar üzrə müsabiqənin xüsusi prizləri də təqdim olunub.
Mükafatlandırma mərasimi laureatların konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB