“Güllər rüzigarı” adlı sərgi açılıb

Martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər rüzigarı” adlı sərginin açılışı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sərgi muzey tərəfindən Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunub.

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli və Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya çıxış ediblər.

Sərgidə muzeyin kolleksiyasından 50-yə yaxın natürmort təqdim olunub, onların bir çoxu ilk dəfə nümayiş etdirilir. Bu sənət əsərləri güllərin ən gözəl çağlarında təbiətə hakim olduğu zamanın “rüzigarını” və ya dövranını çatdırır. Rəsm əsərləri Azərbaycanın müxtəlif nəsillərdən olan görkəmli rəssamlarına, o cümlədən Səttar Bəhlulzadə, Salam Salamzadə, Tağı Tağıyev, Davud Kazımov, Tofiq Cavadov, Elmira Şahtaxtinskaya, Xalidə Səfərova və başqalarına məxsusdur.

Bundan başqa, sərgidə 1930-1940-cı illərdə Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri olan Vera Kvitko və Zinaida Boqoslovskaya-Kosiçkinanın əsərləri, eləcə də Usta Qəmbər Qarabağinin yaratdığı, Şəki Xan Sarayının füsunkar gül divar rəsmlərinin surətləri də yer alıb. Bu rəsmlər sərgidə şərq nağılı ab-havasını yaradır.

Ən diqqətçəkən eksponatlardan biri də Xalq rəssamı Davud Kazımovun güllərin kətandan kənara çıxması və əsl natürmorta çevrilməsi hissini yaradan “Nərgizlər” əsəri olub.

Burada natürmortlarla yanaşı, Azərbaycanın məşhur heykəltaraşlarının baharı tərənnüm edən əsərləri də təqdim olunur. Qorxmaz Sücəddinov, İbrahim Zeynalov, Akif Əsgərov, Sahib Quliyev və Teymur Rüstəmovun əsərlərində insan ömrünün baharı - gənclik mükəmməl plastik dil vasitəsilə tərənnüm edilir.

Şirin Məlikova jurnalistlərə müsahibəsində vurğulayıb ki, təqdim olunan əsərlər rəssam və heykəltaraşların ustalığını nümayiş etdirir, eyni zamanda, bayram ab-havasını çatdırır: “Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində gözəl sərgi açılıb. Milli bayramımız olan Novruz ərəfəsində muzeyin kolleksiyasından seçilmiş natürmortlardan ibarət sərgi hazırlamışıq. Burada heykəltaraşlarımızın əsərləri ilə yanaşı, ecazkar rəngkarlıq və qrafika işləri də təqdim olunur”.

Jurnalistlərlə söhbətində memar Elçin Şamilli sərginin natürmortun rəmzini və çoxşaxəliliyini nümayiş etdirdiyini vurğulayıb: “Bugünkü sərgi çox maraqlıdır, çünki o, bir janr – güllərə xüsusi diqqət yetirilən natürmort ətrafında qurulub. Sənətşünaslıq nöqteyi-nəzərindən bu, maraqlı bir hadisədir, çünki burada rəmzi cəhətlər mövcuddur. Sərgi həqiqətən də diqqətəlayiqdir və düşünürəm ki, tamaşaçılarımız ondan zövq alacaqlar”, - deyə E.Şamilli bildirib.

Sərgi aprelin 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə