Azərbaycanın incəsənət nümayəndəsi, gənc dizayner Qalib Həsənov 2025-ci ilin Milan Moda Həftəsində solo debüt edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qalib Həsənov nüfuzlu tədbirdə “Institution” adlı brendi ilə yeni kolleksiyasını təqdim etməklə moda dünyasına öz imzasını atıb və böyük maraq doğurub. Onun kolleksiyası 30 unikal geyimdən ibarət olub və hər bir dizayn onun müasir yanaşmasını, innovativ baxışını və incəsənətlə modanın sintezini nümayiş etdirib. Dizaynerin işləri zəriflik, struktur və konseptual ifadə gücü ilə fərqlənib. Xüsusilə, kolleksiyada Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər geniş yer alıb.
Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən biri hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir. Qalib Həsənovun kolleksiyası təkcə Azərbaycan modasının deyil, həm də beynəlxalq səviyyədə gənc istedadların yaradıcılıq potensialının təqdimatı baxımından əhəmiyyətli hadisə olub.
Onun təqdim etdiyi geyimlər klassik və futuristik üslubların harmoniyasını özündə birləşdirərək həm sənətsevərlərin, həm də moda ekspertlərinin diqqətini çəkib. Eyni zamanda, kolleksiyada milli kimliyə vurğu olunması Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu debüt Qalib Həsənovun beynəlxalq moda arenasında tanınmasına və gələcək layihələrinə yeni imkanlar açmasına zəmin yaradacaq.
Qeyd edək ki, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzi bu uğurlu təqdimata dəstək göstərib və tədbirdə fəal iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə