Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılıb

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə dekabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərginin açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tanınmış rəssamın əsərlərinin bənzərsizliyi ilə seçildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, onun əl işlərində həyatın mənası, görüb-duyduğu dünyası əks olunub.

Xalq rəssamı Natiq Əliyev bildirib ki, Tofiq Ağababayevin həm onun həyatında, həm də 1980-ci illərdə fəaliyyət göstərən rəssamların həyatında müsbət mənada əvəzsiz rolu olub. O qeyd edib ki, rəssamın pedaqoji fəaliyyətindən də uzun danışmaq mümkündür.

Sonda sərgi ilə tanışlıq olub.

Sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edir.

Tədbirdə Şah İsmayıl Xətai, General Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə