“Yaradıcı sənayeninin inkişafı ölkənin məşğulluq problemində önəmli rol oynayacaq” - DEPUTAT DANIŞDI

“Bir ölkənin tanıtımı müxtəlif aspektlərdə olmalıdır. Bu aspektlərin heç biri də digərindən daha üstün tutulmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Şəki də başda olmaqla ölkəmizdə elə bölgələr var ki, həmin ərazilərə yumor gözəllik qatır: “Eyni zamanda yumor bölgəyə olan cəlbediciliyi də artırır. Bu baxımdan Mədəniyyət Nazirliyinin atdığı addımlar olduqca faydalıdır. Bütövlükdə yaradıcı sənayeninin inkişafı ölkənin həm də məşğulluq problemində önəmli rol oynayacaq. Yəni, ayrı-ayrı şəxslərin bu istiqamətlərdə işlə təmin olunmasına, peşəkar fəaliyyətə yönəlməsinə kömək edəcək. Bütün hallarda bu prosesi genişləndirmək və proses iştirakçılarının da sayını artırmaq lazımdır. Çünki bura daha çox insanların cəlb olunması sahənin mütləq mənada genişlənməsinə səbəb olacaq. Bu isə yaradıcı sənayenin inkişafına böyük töhfə verəcək.

Yumor Festivalının keçirilməsi də önəmli hadisədir. Bu istiqamətdə də həm teatral, həm də kitab formasında hazırlıq işləri aparılmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə