Türk pilotun mehmetciyi təxliyə etməsi nəfəsləri kəsdi

Türkiyənin Tunceli vilayətində əməliyyatdan qayıdan əsgərləri təxliyə etmək üçün hərbi helikopteri tək təkər üzərində təpəyə endirən pilotun manevri və Mehmetciyin helikopterə minməkdəki profesionallığı nəfəsləri kəsib. SİA-nın məlumatına görə, vilayətin Jandarma Komandanlığına bağlı Xüsusi Təyinatlı Qüvvələr Ahpanos vadisində terrorçulara qarşı əməliyyat keçirib.

Xəbərdə deyilir ki, ərazidə əməliyat axtarış, kəşfiyyat və nəzarət tədbirləri həyata keçirən xüsusi təyinatlılar antiterror əməliyyatını başa vurub geri qayıtmaq üçün təxliyə üçün uyğun yer axtarıblar. Sıldırım qayalarla əhatə olunmuş dağlıq bölgədə bir təpəyə çıxan birliklər təxliyə üçün hazır olduqlarını bildirərək, mövqeləri barədə komandanlığa məlumat veriblər. Tunceli Jandarma Komandanlığının helikopter meydançasından "Sikorsky" helikopterləri ilə havaya qalxaraq qısa müddətdə əraziyə çatan pilotlar eniş üçün uyğun yer axtarıb. Lakin belə bir yerin olmadığını anlayan pilot helikopteri xüsusi təyinatlıların olduğu qayalıq əraziyə tək təkər üzərində endirərək, bir dəqiqəlik qısa müddət ərzində birinci qrupu götürərək havaya qalxıb.

Birinci qrupu təxliyə etdikdən sonra həmin əraziyə qayıdan pilot helikopteri eyni şəkildə sıldırım qayalığın zirvəsinə tək təkər üzərində endirərək, geridə qalan əsgərləri götürüb və təhlükəsiz şəkildə Jandarma Komandanlığına aparıb.

Əməliyyatdan qayıdan Mehmetciyin təxliyəsi zamanı pilotun helikopteri çətin ərazidə idarə etmək bacarığı və ərazinin sıldırım qayalıq olmasına və helikopterin pərlərinin iri olmasına baxmayaraq əsgərlərin rahatlıqla helikopterə mindiyi görüntülər sosial mediada da böyük maraqla izlənib.

Türkiyə Jandarma Baş Komandanlığının sosial media hesabından "Tək təkər bizə yetər" qeydiylə paylaşılan görüntülər türk pilotların hər cür çətin şəraitdə böyük bir profesionallıqla və motivasiya ilə vəzifələrinin öhdəsindən gəldiyini göstərir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...