“New York Post” Trampı Putinin "zəif nöqtəsinə" basmağa çağırıb

Bu, “Nobel” mükafatını qazanmağın və “Cənnətə getməyin” yeganə yoludur...

...Ukraynada müharibəyə son qoymaq üçün ABŞ prezidenti Donald Tramp işğalçı ölkə Rusiyaya maliyyə təzyiqi göstərməlidir, ancaq bu “dil”i Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin başa düşür.

SİA-nın məlumatına görə, bu barədə “New York Post” qəzetinin avqustun 20-də dərc olunmuş redaktor məqaləsində deyilir.

Media Rusiyanın Ukraynada sülhün bərqərar olmasını gecikdirdiyinə diqqət çəkib (Trampın Putinlə söhbətindən sonra Ukraynanın atəşə tutulması daha da güclənib-A.B.), ona görə də Tramp Putinin “zəif nöqtəsinə” təzyiq göstərməlidir. Jurnalistlər hesab edirlər ki, Tramp Putini Ukrayna müharibəsi ilə bağlı danışıqlar masasına oturmağa məcbur etməsə, Nobel mükafatını ala bilməyəcək (və o bunu istəyir-A.B.).

Məqalədə vurğulanır ki, “Putin ancaq maliyyə dilini başa düşür” və Rusiya iqtisadiyyatı artıq böyük hərbi xərclər, inflyasiya və sanksiyalar səbəbindən gərginlik içərisindədir. “The New York Post” hesab edir ki, Trampın Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələməsi Putini Alyaskada görüşə razılaşmağa vadar edib və məhz Kreml rəhbərinə maliyyə təzyiqi göstərilməlidir.

Nəşr hesab edir ki, Ukraynadakı qətlləri dayandırmaq üçün Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirməli, Rusiyaya tarifləri qaldırmalı, həmçinin Moskvanın neft və minerallar ticarətinə son qoymaq üçün “yaradıcı yollar tapmalıdır” və “bu, Moskvanın diqqətini tez bir zamanda cəlb edəcək”. ...Putini Ağ Evin rəhbəri kimi sülhə nail olmaqda “eyni sürətlə hərəkət etməyə” məcbur edəcək.

Məqalə müəllifləri hesab edirlər ki, məhz bu cür hərəkətlər Trampın “cənnətə getmək” istəyinə töhfə verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə