Almaniya miqrasiya siyasətini sərtləşdirir..?

Almaniyadakı qaçqınlar daha üç il ərzində vətəndaşlıq ala bilməyəcəklər...

...Almaniya hökuməti miqrasiya siyasətinin sərtləşdirilməsi kursunun bir hissəsi olaraq bir sıra yeni tədbirləri təsdiqləyib. Əsas təşəbbüslər arasında vətəndaşlıq almaq üçün sürətləndirilmiş prosedurun ləğvi və miqrant ailələrin birləşdirilməsinə məhdudiyyətlərin tətbiqi daxildir.

SİA-nın məlumatına görə, Daxili işlər naziri Aleksandr Dobrindt yaxın vaxtlarda Bundestaqda müzakirəyə çıxarılacaq və səsə qoyulacaq qanun layihələrini təqdim edib. Sürətli naturalizasiyanın ləğvi o deməkdir ki, inteqrasiyada xüsusi uğur qazanmış miqrantlar, Olaf Şolzun rəhbərlik etdiyi əvvəlki kabinetdə olduğu kimi, artıq üç il ərzində vətəndaşlıq ala bilməyəcəklər.

Bununla belə, yeni kabinet “svetofor” koalisiyasının tətbiq etdiyi vətəndaşlıq qanununun digər müddəalarını ləğv etmək niyyətində deyil.

Xüsusilə, CDU/CSU və SPD arasında koalisiya sazişində nəzərdə tutulduğu kimi, standart beş illik vətəndaşlıq müddəti, eləcə də ikili vətəndaşlıq hüququ saxlanılacaq.

Bundan əlavə, qaçqın statusu meyarlarına cavab verməyən subsidiar himayə altında olan miqrantlar üçün ailə birləşməsi qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, siyahısı hələ müəyyən edilməmiş ağır hallar istisna olmaqla, bu cür şəxslərin Almaniyaya qohumlarını gətirməsi iki il müddətinə qadağan ediləcək.

Qeyd edək ki, 2018-ci ilin avqust ayından ölkəyə daxil olan miqrantların əlavə mühafizəsi olan qohumlarının sayı ildə 1000 nəfərlə məhdudlaşdırılıb.

Ailə birləşməsi proseduru əvvəllər CDU/CSU və SPD hökumətləri çərçivəsində 2016-2018-ci illərdə dayandırılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə