Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən rusiyalı həbs edilib

Almaniyanın şərqində, Berlinlə həmsərhəd olan Brandenburq əyalətində 18 yaşlı Rusiya vətəndaşı siyasi səbəblərdən dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib.

SİA xəbər verir ki, bu barədə cümə günü, fevralın 21-də Brandenburq polisi məlumat yayıb.

AFP agentliyi bildirir ki, şübhəli bir gün əvvəl, fevralın 20-də federal polis, Brandenburq ştatının cinayət idarəsinin əməkdaşları, Berlin polisi və xüsusi təyinatlıların iştirakı ilə Dahme-Spreewald rayonunda saxlanılıb.

Fevralın 21-də Brandenburq an der Havel inzibati məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Bu arada paytaxtın “Der Tagesspiegel” qəzeti yazır ki, həmin şəxs paytaxtın Berlin-Brandenburq Villi Brandt hava limanında ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Lakin jurnalistlər onun Almaniyanı tamamilə tərk etmək niyyətində olmadığını düşünürlər.

Qəzetin yazdığına görə, sözügedən şəxs Potsdamda yaşayan Çeçenistan əsilli olub və onun islamçılıqdan qaynaqlanan hücumunun hədəfi İsrailin Berlindəki səfirliyi olub.

Oxşar məlumatı dpa agentliyi təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yayıb.

...İstintaqın məlumatına görə, çeçen xaricdə hücuma hazırlığı bərpa etmək və bunun üçün lazımi vasitələr əldə etmək istəyib, – Der Tagesspiegel məqaləsində deyilir.

Görünür, o, əvvəllər zorakı cinayətlərdə iştirakı ilə bağlı polisin diqqətinə düşməmişdi.

İsrail səfirliyi nəşr olunan vaxta qədər məsələ ilə bağlı rəsmi şərh verməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə