“Qarabağ” Azərbaycan çempionatlarında 100-cü böyükhesablı ev qələbəsini qazanıb. SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.
Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.
Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.
Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə üstələyib. “Qarabağ” “Sumqayıt”a daha çox – 10 dəfə böyük hesabla qalib gəlib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə