"Dünya çempionatına çox ciddi şəkildə hazırlaşırıq" - MÜNASİBƏT BİlDİRİLDİ

"Dünya çempionatına çox ciddi şəkildə hazırlaşırıq. Allaha şükürlər olsun ki, hər şey istədiyimiz səviyyədədir." Bu sözləri SİA-ya açıqlamasında mini-futbol üzrə milli komandanın üzvü Təmkin Xəlilzadə deyib.

Onun sözlərinə görə, bu çempionat Azərbaycanda keçiriləcək: "Komanda olaraq səbirsizliklə bu çempionatın başlanmasını gözləyirik. Həm məşqçilərimiz, həm də oyunçularımız rəqibləri çox ciddi şəkildə analiz ediblər. Rəqiblərimizi yaxşı tanıyırıq. İnşallah, bu çempionatda komanda şəklində uğur qazanmağa çalışacağıq.

Bu gün təşkil edilən layihələr də çox maraqlıdır. “Fan Zona”nın yaradılması həm bizim, həm də azarkeşlərimiz üçün xoş və maraqlı anlar yaşadır. Əylənirik, vaxtımızı səmərəli və xoş keçirməyə çalışırıq.

Milli komandamızın potensialı, həqiqətən, çox yüksəkdir. Çox güclü heyətə sahibik. Ola bilsin ki, gələcəkdə daha güclü bir heyət formalaşsın, amma hazırkı komandamızın üzvləri mini-futbol sahəsində kifayət qədər tanınmış və uğurlar qazanmış idmançılardır. Düşünürəm ki, qalib gəlməyimiz üçün ciddi bir maneə yoxdur. İnşallah, gücümüz çatacaq. Əgər ağıllı və səbirli oyun nümayiş etdirsək, bu çempionatı titulla başa vura bilərik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə