"Prezidentin şahmata olan diqqəti çox böyükdür" - ŞAHMATÇI DANIŞDI

"Cənab Prezident İlham Əliyev Faiq bəy Həsənovu 85- illik yubileyi münasibəti ilə bağlı təbrik etmişdir. Bu bir daha da onu göstərir ki, cənab Prezident şahmata nə qədər önəm verir, şahmat idmanı ilə məşğul olan insanlara önəm verir və diqqət və qayğısını əsirgəmir. Ümumiyyətlə ölkə başçısının şahmata olan diqqəti çox böyükdür və şahmatla bağlı çox böyük işlər görülmüşdür. Bir məqamıda qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsində də yürütdüyü siyasətinin sələfidir. Əlbəttə ki, burada bir çox məqamları qeyd etmək istəyirəm ki, Azərbaycan şahmatına cənab Prezident çox böyük bir töhfə vermişdir. Onlardan biri əlbəttə ki, dövlət strategiyasıdır. Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin təklifi, təşəbbüsü və təsdiqi ilə Azərbaycanda şahmatın inkişafı ilə bağlı 2009-2014-cü illərdə dövlət proqramının qəbul olunması ilə bağlı qərar verilmişdir". Bu sözləri SİA-ya açıqlamasında şahmat üzrə müəllim Fərid Abbasov deyib.

Onun sözlərinə görə, məktəblərdən başlayaraq peşəkarlara qədər geniş bir spektri əhatə edən sistemli yanaşma tətbiq olunub: "İkinci məsələ əlbəttə ki, maliyyə və infrastruktur baxımından göstərilən dəstəkdir. Burada yalnız mövcud şahmat məktəblərinin modernizasiyasından deyil, eyni zamanda ölkəmizin müxtəlif bölgələrində inşa olunan yeni şahmat məktəblərindən də söhbət gedir. Bu məktəblərə geniş şəkildə dəstək göstərilib. Onlardan biri də məktəblərin yeni avadanlıqlarla və metodik materiallarla təmin olunmasıdır. Daha sonra biz bura məşqçilərin və hakimlərin ixtisaslarının artırılmasını əlavə edə bilərik. Yəni, müxtəlif təlimlərin təşkili, yeni üsulların öyrədilməsi və mövcud qanunvericiliyə uyğun şəkildə onların peşəkarlığının artırılması məsələsi önə çıxır. Bu, şahmatın inkişafında əsas istiqamətlərdən biridir.

Üçüncü məsələ isə əlbəttə ki, şahmatçılara dəstəkdir. Məlumdur ki, Azərbaycan çempionları və mükafatçıları ölkəmizi dünya və Avropa çempionatlarında təmsil etmək hüququ qazanırlar. Lakin 1995-ci ilə qədər bu imkanlar çox məhdud idi və həmin dövrlərdə şahmatçılarımızın beynəlxalq arenalara çıxışı olduqca çətin idi. Çünki bu, ölkə üçün ağır illər idi.

Daha sonra isə Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə vəziyyət dəyişməyə başladı. Addım-addım şahmata olan dəstək formalaşdı. Bu sahədə ən mühüm hadisələrdən biri isə 1998-ci ildə Ümummilli liderin verdiyi məlum qərar oldu. Həmin qərar çərçivəsində bir qrup şahmatçıya dəstək proqramı həyata keçirildi. Ümumiyyətlə, bu dövrdən etibarən şahmatçılara dövlət səviyyəsində dəstək göstərilməsi başladı.

Buraya beynəlxalq yarışlarda iştirak üçün dövlət tərəfindən maliyyələşmə də daxildir. Bu, şahmatın inkişafında çox böyük əhəmiyyət daşıyırdı. Qeyd etmək lazımdır ki, həmin dövrlərdə bir çox istedadlı şahmatçılarımız vardı. Təəssüf ki, onların bir qismi çətinliklər səbəbilə şahmatdan uzaqlaşmışdı".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə