"Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim..."

Bunu Qəbələ-Xankəndi ultramarafonunun qalibi deyib

Yarış çox gözəl idi. Növbəti həftə daha bir önəmli turnirim var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Qəbələ -Xankəndi ultramarafonun qalibi Üzeyir Söyləməz jurnalistlərə açıqlamasında deyib.

Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayan türkiyəli atlet bunun sevindirici hal olduğunu bildirib: "Bura mənim üçün önəmli yerdir. Şəhid məzarlarını görüb duyğulandım. Ruhları şad olsun. İlk üç mərhələni mən, sonuncunu isə Ömər qardaşım qazandı. Son gündə qısa məsafəyə qaçış idi. Çempionluğu təmin etdiyim üçün bir az əyləndim, çempionluğu dostumla birgə paylaşmaq istədim. Finişə ikinci yerdə gəldim. Ölkəmə xoşbəxt qayıdıram. Ümumi sıralamada birinciyəm. Son mərhələ stressli yarış olsa da, məşq kimi keçdi. Qələbəmdən çox məmnunam".

O, Azərbaycanda növbəti mövsümlərdə daha böyük yarışların təşkil ediləcəyinə ümid etdiyini söyləyib: "Dünya bu gözəllikləri görməlidir. Düzü, marafonun belə yüksək səviyyədə keçəcəyinə inanmırdım. Burada çox gözəl, təbii yerlər var. Nə yaxşı ki, torpaqlarınızı geri qaytardınız. Növbəti mövsüm yenidən gəlməyi düşünürəm. Həmçinin daha çox atletin bu marafona qatılmasını arzu edirəm. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Azərbaycan xalqı da bizi çox yaxşı qarşıladı”.

Bütün xəbərlər Facebook səhifəmizdə