“Ahılların həyat keyfiyyətinin yüksəldilməsi üçün sosial təşəbbüslər artırılmalıdır” - SOSİOLOQ DANIŞDI
“Ahıllarla bağlı sosial proqramların və müxtəlif təşəbbüslərin sayı nə qədər çox olarsa, onların həyat keyfiyyətinin yüksəldilməsinə və özlərini cəmiyyətin fəal üzvü kimi hiss etmələrinə bir o qədər əhəmiyyətli töhfə verilə bilər. Bu baxımdan ahılların dəstəklənməsi, onların sosial həyata inteqrasiyası və fəal yaşlanmasının təşviqi istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli deyib.
Onun sözlərinə görə, bu sahədə müəyyən mütərəqqi təşəbbüslər mövcuddur:
” Ahılların dəstəklənməsi istiqamətində bəzi qeyri-hökumət təşkilatları tərəfindən də müxtəlif proqramlar həyata keçirilir. Xüsusilə yaşlı insanların təhsili və biliklərinin artırılması ilə bağlı donorların dəstəyi əsasında reallaşdırılan layihələr əhəmiyyətli nəticələr verib. Məsələn, vaxtilə kiril əlifbası ilə təhsil almış, latın qrafikasına keçid dövründə yeni əlifbaya uyğunlaşmaqda çətinlik çəkən yaşlı insanların oxu vərdişlərinin inkişaf etdirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Həmin insanlar latın qrafikası ilə nəşr olunan kitabları, qəzetləri, jurnalları və digər ədəbiyyat nümunələrini oxumaqda çətinlik çəkirdilər. Bu istiqamətdə görülən işlər onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bununla yanaşı, ahılların sosial həyatının canlandırılması məqsədilə müxtəlif mədəni və musiqili tədbirlər də təşkil olunur. Qocalar və ahıllar evlərində ictimai qruplar, ayrı-ayrı təşkilatlar və müvafiq icra strukturları tərəfindən həyata keçirilən bu cür təşəbbüslər yaşlı insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların mənəvi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
Hesab edirəm ki, bu tədbirlərin hər biri ahılların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Belə təşəbbüslər yalnız yaşlı insanlara sosial dəstək göstərilməsi ilə məhdudlaşmamalı, onların cəmiyyətin həyatında fəal iştirakına, bilik və təcrübələrini bölüşmələrinə, özlərini faydalı və dəyərli hiss etmələrinə də imkan yaratmalıdır. Buna görə də ahıllara yönələn sosial proqramların əhatə dairəsinin genişləndirilməsi, mövcud təşəbbüslərin davamlılığının təmin olunması və yeni layihələrin həyata keçirilməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB