İnsan özünə zərər verən münasibətləri necə tanımalıdır? - PSİXOLOQ AÇIQLADI

İnsan özünə zərər verən münasibətləri necə tanımalıdır? - PSİXOLOQ AÇIQLADI

Bəzən müraciət edən insanlar arasında da müşahidə edirik ki, insan münasibətdə ona zərər verildiyini bildiyi halda qarşı tərəfdən uzaqlaşa bilmir. Çünki münasibət yalnız sevgidən ibarət deyil. Burada emosional bağlılıq, ümid, qorxu və şüuraltı davranış modelləri də mühüm rol oynayır.

"Bunun bir neçə psixoloji səbəbi var. İnsan bəzən emosional asılılıqdan əziyyət çəkir, qarşı tərəfin göstərdiyi diqqətə, sevgiyə və mehribanlığa alışır, lakin münasibətin ona zərər verən tərəflərini görməkdə çətinlik çəkir. Psixologiyada bu vəziyyət bəzən travmatik bağlılıqla əlaqələndirilir. İnsan emosional olaraq qarşı tərəfə bağlandıqda, münasibətdəki mənfi halları görsə belə, ayrılmaq qərarını verməkdə çətinlik çəkə bilər".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, belə münasibətlərdə insan çox vaxt qarşı tərəfin dəyişəcəyinə ümid edir. Düşünür ki, onu daha yaxşı başa düşsə, sevgisini göstərsə, hər şey düzələcək. Lakin zərərverici davranışlar göstərən bəzi insanlar qarşı tərəfin sevgisini qiymətləndirmək əvəzinə, onu idarə etməyə və öz istəklərinə uyğun dəyişdirməyə çalışırlar. Nəticədə münasibətdə sevgi və diqqət bəzən soyuqluq və laqeydliklə əvəzlənir:

"Digər mühüm amil isə tək qalmaq qorxusudur. İnsan düşünə bilər ki, qarşı tərəf olmadan həyatını davam etdirə bilməyəcək və ya bir daha sevgi tapa bilməyəcək. Bu qorxu onun münasibətdə yaşadığı əziyyətlərə dözməsinə, hətta öz ehtiyaclarını və hisslərini arxa plana keçirməsinə səbəb ola bilər.

Bəs belə insanları və münasibətləri necə tanımaq olar? Bəzən sevgi və qəbul olunmaq ehtiyacı güclü olan insanlar qarşı tərəfin ehtiyaclarını öz ehtiyaclarından üstün tuturlar. Bu isə zamanla onların öz dəyərlərini və sərhədlərini arxa plana keçirməsinə gətirib çıxarır. İnsan özünə sual verməlidir: Mən bu münasibətdə özüm olaraq qala bilirəmmi? Qarşımdakı insanı olduğu kimi qəbul edirəm, yoxsa onun dəyişəcəyinə ümid edərək əziyyət çəkməyə davam edirəm?

Bu suallara səmimi cavab vermək münasibətin mahiyyətini anlamağa kömək edə bilər. Ən əsası, insan başa düşməlidir ki, emosional bağlılığını anlamaq həmin münasibəti davam etdirməyə məcbur olduğu demək deyil. Sağlam sərhədlər müəyyənləşdirmək və zərərli münasibətdən uzaqlaşmaq emosional sağlamlığın qorunmasında mühüm rol oynayır.

Bu, hər bir insan üçün fərdi yanaşma tələb edən məsələdir. Əgər vəziyyət mürəkkəbləşirsə, insan emosional çətinliklərin öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkirsə, psixoloqa və ya psixoterapevtə müraciət edə bilər. Zərurət olduqda psixiatrın dəstəyi də faydalı ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə