"Dini inanclar şəxsi seçimdir, məktəbdə isə ümumi qaydalara əməl olunmalıdır" - AKADEMİK DANIŞDI
"Azərbaycanın təhsil sistemi dünyəvi dövlətin təhsil sistemidir. Burada hər hansı dini dünyagörüşünün təbliği və nümayiş etdirilməsi deyil, təhsil müəssisələrinin müəyyən etdiyi nizam-intizam qaydalarına riayət olunması əsas götürülməlidir. Cəmiyyətimiz də bu prinsipləri anlamalı və qəbul etməlidir".
Bu fikirləri SİA-ya açıqlamasında akademik Nizami Cəfərov səsləndirdi.

O bildirib ki, Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi vacibdir. Xüsusilə aşağı siniflərdə, uşaqların şəxsiyyət kimi formalaşma mərhələsində onların müəyyən geyim və davranış normalarına yönəlməsi çox vaxt valideynlərin göstərişləri və ya ətrafdakı insanları təqlid etmələri ilə bağlı olur. Buna görə də uşaqların öz yaşlarına və təhsil mühitinə uyğun qaydalara riayət etməsi önəmlidir:
"Məktəbli forması yalnız dini simvolların və ya fərqli geyim tərzlərinin nümayişinin qarşısını almaq baxımından deyil, sosial bərabərliyin qorunması baxımından da əhəmiyyətlidir. Cəmiyyətdə maddi imkanlar baxımından fərqlər mövcuddur. Vahid geyim forması şagirdlər arasında bu fərqlərin zahiri görünüşdə ön plana çıxmasının qarşısını almağa və onların özlərini bərabərhüquqlu hiss etmələrinə kömək edə bilər.
Məktəbdə dini geyim məsələsi şagirdlərin bir-birinə münasibətinə də təsir göstərə bilər. Ailədə uşaqlara müəyyən dini baxışlar aşılandıqda, bu düşüncələr onların davranışlarında əks oluna və digər şagirdlərdə də müxtəlif suallar və tərəddüdlər yarada bilər. Buna görə məktəb mühitində bütün şagirdlərə bərabər yanaşılması və ümumi qaydaların qorunması vacibdir.
Əlbəttə, insan yetkinlik yaşına çatdıqdan sonra öz dünyagörüşünə, inancına və həyat tərzinə uyğun seçimlər edə bilər. Lakin orta məktəb xüsusi qaydaları və təhsil məqsədləri olan bir mühitdir. Burada əsas məqsəd şagirdlərin hüquqlarını qorumaq, onların bərabər şəraitdə təhsil almasını təmin etmək və fərdi seçimlərin ümumi təhsil prosesinə təsirini tənzimləməkdir.
Cəmiyyətimiz dünyəvilik prinsipinin mahiyyətini dərindən anlamalıdır. Dünyəvilik dini inancların inkarı deyil, dövlət və təhsil sisteminin hər hansı dini baxışdan asılı olmadan fəaliyyət göstərməsidir. İnsan öz dini inancını və ona uyğun həyat tərzini şəxsi həyatında sərbəst şəkildə yaşaya bilər. Məsələn, dini mərasimlərdə iştirak edərkən müvafiq geyim qaydalarına riayət etmək şəxsi seçimdir. Lakin məktəbdə təhsil müəssisəsinin müəyyən etdiyi vahid qaydalara əməl olunmalıdır.
Beləliklə, məktəblərdə vahid geyim qaydalarının qorunması dünyəvi təhsil prinsipləri, şagirdlər arasında bərabərliyin təmin edilməsi və təhsil mühitində nizam-intizamın saxlanılması baxımından əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB