"Davranış mədəniyyəti yalnız cərimə qorxusu ilə deyil, daxili məsuliyyətlə formalaşmalıdır" - SOSİOLOQ DANIŞDI
"Nəinki metroda, metro qatarlarına daxil olarkən və ya yerüstü nəqliyyatdan istifadə edərkən, ümumiyyətlə mağazalarda, sosial xidmət obyektlərində və digər ictimai məkanlarda hər bir insan öz davranış mədəniyyətini göstərməlidir. Bunun ayrıca sosial tərəfi yoxdur. Bu, hər bir şəxsin öz mədəniyyətindən, dünyagörüşündən, həyata baxışından və cəmiyyətdə özünü aparmaq formasından asılıdır".
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Mətanət Məmmədova deyib.

Sosioloq bildirib ki, bəzən böyük kütlənin içində öz növbəsini gözləyən insanlarla yanaşı, növbəyə riayət etməyən insanların da olduğunu görürük. Dəfələrlə müşahidə etmişəm ki, metro qatarı gələndə özünü içəri atmağa çalışan insanlar olur, eyni zamanda qapının qarşısında dayanaraq öz növbəsini gözləyənlər də var. Yerüstü nəqliyyatda da eyni mənzərə ilə qarşılaşırıq. İnsan özündən əvvəl kimin gəldiyini və kimin sonra gəldiyini nəzərə alaraq növbəsini gözləyir. Bu, ilk növbədə insanın daxili mədəniyyətidir və onun cəmiyyətdə özünü necə apardığını göstərir:
"Cəmiyyətin davranış qaydalarının formalaşmasında cərimələrin də müəyyən rolu var. Müxtəlif sahələrdə qaydalara əməl edilməməsinə görə cərimələr tətbiq olunur. Yol hərəkəti qaydalarının pozulması, siqaret çəkmə və digər ictimai davranışlarla bağlı müəyyən cərimələr mövcuddur. Bu cür mexanizmlər insanların davranışlarına təsir göstərməklə müəyyən mənada ictimai mədəniyyətin formalaşmasına da kömək edir.
Yaponiya, Böyük Britaniya və Almaniya kimi ölkələrdə insanların ictimai məkanlarda davranış mədəniyyətinin yüksək olması tez-tez nümunə kimi göstərilir. Qaydaların və onların pozulmasına görə məsuliyyət mexanizmlərinin uzun müddət tətbiq olunması insanlarda müəyyən davranış vərdişlərinin formalaşmasına təsir göstərə bilər. İnsan qaydanı pozduqda bunun müəyyən nəticəsi ilə qarşılaşacağını bildikdə həmin davranışı təkrarlamamağa çalışır.
Metroda və yerüstü nəqliyyatda növbəyə riayət edilməməsinə görə ayrıca cərimələrin tətbiqi geniş yayılmış yanaşma olmasa da, belə bir mexanizmin tətbiq olunması müəyyən mənada müsbət nəticə verə bilər. Bununla yanaşı, əsas məsələ hər bir insanın öz daxilində davranış mədəniyyəti formalaşdırmasıdır.
Mən burada dayanmışamsa və məndən əvvəl kifayət qədər insan gəlib növbə gözləyirsə, onların qarşısına keçməyin nə mənası var? Nə üçün başqalarının yolunu kəsməliyəm? Əslində, ictimai nəqliyyatda yaranan sıxlığın müəyyən hissəsini də elə insanların öz davranışları yaradır.
Məsələn, metro qatarının qapısının qarşısında dayanaraq içəridən çıxmaq istəyən sərnişinlərin yolunu bağlamaq sıxlığı daha da artırır. Eyni hal avtobuslarda da müşahidə olunur. Yerüstü nəqliyyatda bəzi avtobuslarda sərnişinlərin müxtəlif qapılardan daxil olub-çıxması bu problemin müəyyən qədər qarşısını alır. Metro qatarlarında isə sərnişin axınının düzgün idarə olunması daha çox davranış mədəniyyətindən asılıdır.
Hər bir insan öz daxilində cəmiyyətdə özünü aparmaq qaydalarını formalaşdırmalı, başqalarının davranışından nümunə götürməli və “Mən burada neçənciyəm, nə üçün birinci keçməliyəm?” sualını özünə verməlidir. Bu vərdişlər formalaşdıqca ictimai davranış mədəniyyəti də inkişaf edir.
Bu məsələnin həllində yalnız cərimələrə və inzibati tədbirlərə güvənmək olmaz. İctimai qınağın artırılması da mühüm vasitədir. Bununla bağlı televiziya proqramlarında maarifləndirici materialların hazırlanması, sosial mediada videoların paylaşılması, sosioloq və digər ekspertlərin fikirlərinin təqdim edilməsi, insanların küçələrdə və ictimai yerlərdə münasibətlərinin öyrənilməsi faydalı ola bilər.
İctimai qınağın gücləndirilməsi insanların bu məsələyə münasibətinin dəyişməsinə kömək edə bilər. Məncə, növbəyə riayət etmək və ictimai nəqliyyatda başqalarının hüquqlarına hörmətlə yanaşmaq ilk növbədə hər bir insanın öz daxilində formalaşdırmalı olduğu mədəni davranış qaydasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB