"Yatmazdan əvvəl telefon istifadəsini dayandırmaq vacibdir" - QURUM RƏSMİSİ DANIŞDI

"Telefonu yatarkən yatağın yanında saxlamaq yuxunun keyfiyyətini azalda bilər. Çünki telefon həm ekrandan gələn işıqla bədənin yuxuya hazırlaşma prosesini ləngidir, həm də bildirişlər, vibrasiya və “bir dəfə də baxım” istəyi ilə beyni oyaq saxlayır".

Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, bunun nəticəsində insan daha gec yuxuya gedə, gecə ərzində tez-tez oyanaraq dərin yuxu mərhələlərini kifayət qədər yaşamaya bilər: "Bu vərdiş səhər yorğun oyanmağa, gün ərzində diqqətin zəifləməsinə, əsəbilik və əhval dəyişkənliyinə, bəzən isə narahatlığın artmasına səbəb olur.

Uzun müddətdə yuxu rejiminin pozulması həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Çünki orqanizm kifayət qədər dincəlmir.

Bunun qarşısını almaq üçün telefonu yataqdan uzaqda saxlamaq, yatmazdan ən azı 30-60 dəqiqə əvvəl istifadəni dayandırmaq, gecə bildirişlərini söndürmək və telefon əvəzinə adi zəngli saatdan istifadə etmək daha faydalıdır.

Yatmazdan əvvəl telefona baxmaq əvəzinə sakit musiqi dinləmək, kitab oxumaq və ya sadəcə işığı azaldaraq rahatlaşmaq yuxunun daha keyfiyyətli olmasına kömək edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə