Dünya Bankından Xəzərin çirklənməsi ilə bağlı beşillik layihə

Dünya Bankının Direktorlar Şurası 8,243 milyon ABŞ dolları dəyərində "Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının formalaşdırılması" layihəsinin icrasına vəsait ayrılmasını təsdiqləyib. Dünya Bankının açıqlamasında deyilr ki, layihə maliyyələşməsinin alıcıları Azərbaycan, Qazaxıstan və Türkmənistandır. Bundan əlavə, layihə Qlobal Ekologiya Fondundan (GEF) 11,743 milyon ABŞ dolları qrant alacaq.

Layihənin icra müddəti beş ildir və əlaqələndirməni BMT-nin Ətraf Mühit Proqramı (UNEP) həyata keçirir. Ekoloji və Sosial Standartlar alətlərinin hazırlanması və ölkələrarası qarşılıqlı əlaqənin qurulması üçün BMT-nin Layihə Xidmətləri Ofisinə (UNOPS) 183 489 ABŞ dolları GEF qrantı ayrılıb.

Dünya Bankının vəsaitləri iki əsas komponent üzrə bölüşdürülüb: çirklənmənin monitorinqinin idarə edilməsi (3,15 milyon dollar) - sistemli yanaşmaların formalaşdırılması və su ehtiyatlarının keyfiyyətinin müqayisəli qiymətləndirilməsinin həyata keçirilməsi, biomüxtəliflik sahəsində planlaşdırmanın idarə edilməsi (4,25 milyon dollar) - mühafizə olunan ərazilərin idarə edilməsinin təkmilləşdirilməsi və populyasiyaların vəziyyətinin izlənilməsi.

Layihə çirklənmənin monitorinqi və nəzarətinin gücləndirilməsini, həmçinin Xəzər dənizinin hədəf bölgələrində qorunan dəniz ərazilərinin idarə edilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Dünyanın bu ən böyük qapalı su hövzəsi planetin bütün daxili sularının təxminən 44 %-ni ehtiva edir və Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla həmsərhəddir. Dünya Bankı qeyd edib ki, Xəzər ekosistemi unikaldır və burada təxminən 400 endemik növ yaşayır, dünya okeanından uzun müddətli təcrid isə zəngin biomüxtəliflik formalaşdırıb.

"Lakin son onilliklərdə dənizdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Proqnozlara görə, 2100-cü ilə qədər bu göstərici iqlim dəyişikliyi və su ehtiyatlarının təsərrüfat məqsədilə istifadəsi səbəbindən 8-30 metr aşağı düşə bilər" – bankdan qeyd olunub.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə