Evliliklər azalır – SƏBƏB?

Mətləb Salahov: “İş tapmaq problemi, evsizlik, yaxşı qazancın olmaması gəncləri evlilikdən uzaqlaşdırır”

“Əslində evlənənlərin sayında olan kəskin azalma və hazırkı statistik göstərici təəcüblü görünməməlidir. Çünki uzun illərdir ki, klassik ailə ənənələrinin yerini müasir, sosial şəbəkələrdə yaranan aldadıcı “sevgi hissi” əvəz edib və internet üzərindən yaranan tanışlıq ən yaxşı halda cəmi bir il çəkir. Çünki bu nigah masasının heç bir mənəvi bağları olmur. Bu gün isə həttda aldadıcı evlilik prosesi də gündəmdən çıxmaq üzrədir. Xüsusilə iş tapmaq çətinliyi, evinin olmaması, digər sosial problemlərin ağırlığı gəncləri nigah masasından uzaqlaşdırır. Günün böyük hissəsini sosial şəbəkələrdə keçirən əksər gənclər ailə məsuliyyətindən, sosial cavabdehlikdən, iqtisadi yüklənmələrdən uzaq olmağa çalışır, ailə ənənələrinin davam etdirilməsində maraqlı görünmürlər.” Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, sosial problemlər, məşğulluq dərdləri, gəlirlərin azlığı evlənmələrin kəskin azalmasına yol açıb.
“Bir amilə diqqət yetirək. Artıq Azərbaycanın əksər bölgələrində işsizlik ucbatından 18-24 yaşlı gənclərin ölkəni tərk edib xarici ölkələrə üz tutması müşahidə olunur. Biz hər gün sosial şəbəkələrdə əksər Avropa ölkələrində muzdla işləməyə gedən yüzlərlə gəncin paylaşımlarını izləyirik. Etiraf edək ki, yerlərdə real və qənaətbəxş gəlir yerlərinin olmaması gəncləri xaricə üz tutmağa məcbur edir. Bu isə onların ailə qurmaq istəklərini də ikinci plana keçirir.Əlbəttdə, gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Pul qazanmaq dalınca gedən gənclərin isə vaxtında ailə qurmaq imkanları da olmur.

Digər səbəb bir çox gənclərin karyera qurmaq, ixtisas sahibi olmaq istəyinin hazırkı zamanda daha qabarıq şəkildə vüsət almasıdır. Xüsusilə karyera zirvəsi üçün çalışan qızlar arasında dünyaya uşaq gətirmək, ana olmaq arzusu da əvvəlki dövlərdən tam fərqli olaraq bu gün üstünlük təşkil etmir.
Həddindən çox sosiallaşan hazırkı gənc nəslin evliliyə olan hazırkı münasibəti həm də digər bir qlobal problemi də gündəmə gətirir. Evlilik sayının kəskin azalması həm də ölkəmizdə əhali sayının gələcək illərdə kəskin şəkildə azalması ilə nəticələnəcək ki, bu da Azərbaycan üçün demoqrafik problemin yaranması demək olacaq”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə