AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında yüksək dəqiqlik nümayiş etdirib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli referens laboratoriyası ABŞ-ın “The Office of the Texas State Chemist –Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.

Laboratoriya fəaliyyəti dövründə ABŞ, Böyük Britaniya, Fransa və Polşa kimi ölkələrdə təşkil olunan 50-dən çox göstərici üzrə beynəlxalq səriştəlik sınaqlarında iştirak edib və yüksək dəqiqlik nümayiş etdirib.

Qeyd edək ki, Milli referens laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli və Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan “Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə