Payızda təbiət dəyişiklikləri: yarpaqların rənglənməsi və ekoloji təsirlər - EKOLOQ AÇIQLADI

“Payızda baş verən yarpaq dəyişiklikləri sadəcə gözəl mənzərə yaratmaqla kifayətlənmir, həm də ekosistemdə mühüm funksiyalar daşıyır. Günlərin qısalması və havaların soyuması nəticəsində ağaclar xlorofil istehsalını dayandırır, nəticədə yarpaqlar sarı, narıncı və qırmızı rənglərə boyanır. Yarpaqların tökülməsi isə ağacların qışa adaptasiyasıdır – onlar həm su itkisindən qorunur, həm də enerji sərfini azaldırlar”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Cəmşid Quliyev sözlərinə belə davam edib: “Ekoloji baxımdan bu prosesin bir neçə mühüm təsiri var: Çürüyən yarpaqlar torpağı humus və minerallarla zənginləşdirərək təbii gübrə rolunu oynayır. Torpaqda mikroorqanizmlərin, həşəratların və göbələklərin qida mənbəyi yaranır, qida zəncirinin sabitliyi təmin olunur. Yarpaqların azalması ilə fotosintez zəifləyir və karbonun atmosferdə tutulması müvəqqəti azalır. Heyvanların davranışında da dəyişikliklər olur: quşlar köç edir, gəmiricilər və digər canlılar qış ehtiyatı toplayır. Yəni payız təbiətin yuxuya getməsi deyil, əksinə, ekosistemin yeni mövsümə uyğunlaşmasının və gələcək həyat dövrü üçün zəmin hazırlamasının göstəricisidir.

Sizin sualınıza başqa prizmadan da baxmaq mümkündür. Məsələn, ekoloji problemlərin, qlobal istiləşmənin bu təbiət hadisəsinə təsiri.

Müasir dövrdə iqlim dəyişmələri – xüsusilə qlobal istiləşmə və uzunmüddətli quraqlıqlar – payızdakı təbii dəyişikliklərə də təsirsiz ötüşmür. İqlim normalarının pozulması nəticəsində payızın gəlişi gecikir və ya gözlənilmədən tezləşir. Bu da yarpaqların rəng dəyişmə prosesini qeyri-sabit edir. Bəzi hallarda ağaclar payız rənglərinə çata bilmədən quruyub tökülür.

Quraqlığın təsiri ilə su çatışmazlığı yarpaqlarda vaxtından əvvəl saralma və tökülmə yaradır. Bu, həm ağacların fotosintez imkanlarını məhdudlaşdırır, həm də torpaqda orqanik maddələrin azalmasına səbəb olur.

Qlobal istiləşmə nəticəsində bəzi ağac növləri payız yarpaqlarını daha gec tökür, bəziləri isə tam əksinə – stress altında daha tez yarpaqlarını itirir. Bu, həm ağacların qışa hazırlığını çətinləşdirir, həm də ekosistemdəki mövsümi balansı pozur. Payız prosesləri pozulanda heyvanların davranışı da dəyişir – quşların köç vaxtları qarışır, bəzi canlılar qışa lazımınca ehtiyat toplaya bilmir. Bu isə bütövlükdə ekoloji zəncirdə ciddi risklər yaradır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə