“İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə görə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Vəkilin sözlərinə görə, həmin Məcəllənin 447.0-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına; qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir: "Hüquqları pozulmuş şəxslər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi saytına daxil olaraq ərizə, təklif, şikayətlər bölməsində elektron qaydada və yazılı şəkildə poçt vasitəsilə şikayət verə bilər.
İstehlakçı məhsul alarkən vitrinlə kassa qiymətləri arasındakı fərqlə qarşılaşdığı zaman mağaza rəhbərliyinə müraciət edə, məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb edə, eyni zamanda, Dövlət Xidmətinə müraciət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə