Yetkinlik yaşına çatmayan şəxslər hansı məqamda məsuliyyətə cəlb olunurlar? - ŞƏRH EDİLDİ
"Cinayət qanunvericiliyinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: "Ümumən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilsə də, istisna olaraq on dörd yaşı tamam olmuş şəxs qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb edilir.
Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.
Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır".
Bütün xəbərlər Facebook səhifəmizdə