"İslamda ümidsizliyə yer yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"İslam dininə görə intihar edən birbaşa Allaha etiraz etmiş olur və bu da ən böyük günahlardan biridir. Amma ən böyük günah deyil, ən böyük günahlardan biridir. Ondan da böyük şirk (Allaha şərik qoşmaq) günahı var". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, intihar edən müsəlman günahkar olsa da, bəli, müsəlman sayılır: "Ona görə də onun dəfni, namazı, dəfn edilməsi, qüsl verilməsi dünyadan köçmüş bir müsəlman üçün vacib olan bütün əməllər müsəlmanların boynundadır. Əgər etməsələr, hamısı günahkardır. Bir nəfər etsə, kifayət edir. Bizə tövsiyə olunub ki, intihar etmiş şəxs üçün dua edək, Allah onu bağışlasın. Yəni, müsəlman olmaqdan çıxmır, sadəcə böyük günah edir.

Ümumiyyətlə, İslam dinində ümidsizlik, məyusluq böyük günah sayılır. Bəndə heç vaxt Allahın rəhmətindən naümid olmamalıdır. Allah bəndələrini sevdiyi üçün yaradıb onlara nifrət etmir. Çətinliklər Allahın bəndələrə nifrətindən irəli gəlmir. Bəndələrin inkişafının, mənəvi təkamülünün, insan kimi kamilləşməsinin əsas amili insanların çətinliklərlə üzləşməsidir. Ona görə biz bir-birimizə ümid verməliyik, bir-birimizin, həqiqətən də, Allah tərəfindən sevildiyini açıqlamalıyıq. Bir-birimizə ümid vermək yalandan deyil, bu, həqiqətdir. Sadəcə bunu normal tərbiyə vermək istəyən valideynlə emosional tərbiyə vermək istəyən valideynə bənzətmək olar. Əgər valideyn emosional şəkildə övladına tərbiyə vermək istəyirsə, övladın bütün istəklərini yerinə yetirəcək. Əgər valideyn ağıllı, müdrikanə şəkildə tərbiyə vermək istəyirsə, bəzən onu sıxıntıya salacaq ki, həyatda öz mövqeyini tutmaq üçün möhkəmlənsin, bərkə-boşa düşsün. Allah da insanları kamilləşdirmək üçün bu imtahanları qabağa gətirir. Belə məqamlarda insanların xüsusilə, gənclərin özünü itirməsinə, ümidsizləşməsinə yol vermək olmaz. Təbii ki, biz cəmiyyət olaraq əl-ələ verib insanların rifahı, ümid qazanması üçün çalışmalıyıq. Əgər bu ümid hələ ki, əldə olunmayıbsa, onlara fərdi ümid vermək lazımdır. İntihar bu ümidin tam əksidir".

"Qurani-Kərimdə intihar etmək əməli baxımdan küfr sayılır. Etiqadı baxımdan küfr insanı dindən çıxardır, amma əməli baxımdan küfr günahın böyüklüyünü göstərir. Allaha şərik qoşmaqdan sonra ən böyük günahlardan biri məyusluqdur. İntihar edən adam məyusluqdan intihar edir. Elə bilir ki, artıq heç bir çıxış yolu yoxdur, ona görə də özünü öldürür. Bu fikir də şeytandan gəlir. Çünki intihar edən adam yalnış olaraq düşünür ki, ölsəm, hər şey düzələcək. Halbuki, öləndən sonra insanın sorğu-sualı başlayır, Allaha cavab verməlidir: "Niyə? Nəyi? Harada? Necə etmisən? İnsanlarla münasibətdə, Allahla münasibətdə, ictimai əlaqələrdən hansı mövqe tutmusan?" sorğu-sual başlayır. Amma yanlış olaraq insanlar, xüsusilə gənclər elə bilirlər ki, bu çətinlikdən yaxa qurtarmaq üçün ölüm çıxış yoludur. Bu, yanlışdır. Digər tərəfdən biz insanların hansı yolda olurlarsa olsunlar ümidini qırmamalıyıq. Heç bir insan son nəfəsini verənə qədər Allahın rəhmətindən məyus olmamalıdır. Çünki biz bilmirik, Allah kimi, hansı halda bağışlayacaq. Ona görə də heç kəsi birmənalı şəkildə rədd etmək olmaz. Təbii ki, ictimai baxımdan fəsad törədən insanları cəzalandırmaq lazımdır. Amma onların da tam ümidini kəsmək lazım deyil. İnsan Allah təyin edərsə, bu dünyadan köçməlidir. Özü öz ixtiyarı ilə köçə bilməz. O zaman Allaha etiraz etmiş olur. İslamda ümid əsas mövqe tutur. İslamda ümidsizliyə yer yoxdur. Biz bir-birimizə ümid verməliyik. İntihar edən şəxs böyük günah etmiş olur, kafir olmur. Ona görə də onun dəfni bütün müsəlmanlara vacibdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə