Elçin İmanovun növbəti layihəsi

Dünən tanınmış bəstəkar Elçin İmanov yeni layihəsini mətbuat nümayəndələrinə təqdim etdi. SİA-nın məlumatına görə, Elçin İmanov bu dəfə də gənc bir sənətçi ilə işbirliyinə start verib. Bəstəkar gənc sənətçi Lamiyə ilə möhtəşəm bir layihə ilə medianın qarşısına çıxdı. Təqdimat mərasimində Elçin İmanovla yanaşı, Mənsum İbrahimov da iştirak edirdi.

Lamiyənin təqdim etdiyi "Bilirəm, gələn deyilsən" mahnısının musiqisi Elçin İmanova, Sözləri tanınmış şair Ramiz Rövşənə məxsusdur. Klipi isə yerli rejissorlara deyil, xarici mütəxəssislərə çəkdiriblər. Təqdim olunan musiqi çarxını latviyalı çəkiliş qrupu hazırlayıb. Klipin rejissoru Qerri Parlov, operator isə Feliksas Abrukauskasdır.

Təqdimat mərasiminin aparıcısı tanımış aparıcı İlkin Həsəni idi. Elçin İmanov və Mənsum İbrahimov Lamiyənin səsinin həm estrada musiqisinə, həm də muğama tam yatdığını bildirdi. Hətta Mənsum İbrahimov bildirdi ki, Lamiyənin özü də bilmirmiş ki, onun muğam səsi var. Elə mətbuat konfransında da Mənqsum İbrahimov Lamiyədən bir parça canlı muğam oxumağı xahiş etdi. Lamiyə ən çətin muğamlarımızdan - " Qatar"ı mükəmməl şəkildə ifa etdi. Ustadının dediyinə görə Lamiyədə muğam üçün lazım olan zəngulələr var. Elçin İmanov isə bildirdi ki, gənc sənətçi metrosaprano səsinə malikdir. Belə səs tembrinin hər sənətçidə olmadığını deyən Elçin İmanov Lamiyə ilə daha böyük proyekt üzərində çalışdıqlarını da xatırlatdı.

Qeyd edək ki, Lamiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin teatr və kino aktyorluq fakültəsini bitirib. Xatırladaq ki, Lamiyə 6 il əvvəl ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi yarışmasının yarımfinalçısı olub. Hazırda isə gənc müğənni xalq artisti Mənsum İbrahimovun muğam sinfinin tələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə