Müğənni yeni mahnısını dinləyicilərin ixtiyarına verib - FOTOLAR

Bəstəkar-müğənni Aisel yeni mahnısını dinləyicilərin ixtiyarına verib. SİA xəbər verir ki, “Yağış” adlanan mahnının sözləri və musiqisi ifaçının özünə, aranjimanı isə Emin Kərimə aiddir.

İfaçı ənənəsinə sadiq qalaraq, bu layihədə də mahnıda milli musiqi alətindən istifadə edib. Pop musiqisi ilə milli simli alətimiz olan tarın vəhdətini özündə birləşdirən sinql 10 mahnıdan ibarət olan yeni albomun ilk carçısı kimi təqdim edilib.

İfaçını tarda Əməkdar artist Şəhriyar İmanov müşayiət edib. Klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında “İlin ən yaxşı qısametrajlı filmi” kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Meran klipə bir film olaraq yanaşmış və Aiselin oyunculuq məharətini ekranlaşdırmağa çalışmışdır. Klipdə Aiselin tərəf müqabili xoreoqraf və aktyor İsmayıl Məmmədzadədir.

Müğənni mahnı haqqında bu fikirləri söyləyib: “Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə