Yeni geosiyasi reallıq və Azərbaycanın orta güc statusu

Yeni geosiyasi reallıq və Azərbaycanın orta güc statusu

Bu gün işə başlayan Şuşa Qlobal Media Forumu dünya siyasi gündəliyinə mühüm strateji ideyalar bəxş edir. Fərqi aydın görmək olur: keçmiş imperiya dövlətləri müharibə içindədir, əvəzində Cənubi Qafqazda yeni geosiyasi reallıq imperiya mərkəzlərində deyil, Bakıda formalaşır. İki əsr ərzində regionun taleyi əsasən böyük güclərin rəqabəti ilə müəyyən olunurdu. İndi isə vəziyyət köklü dəyişib. Artıq regionun əsas geosiyasi təşəbbüsləri Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilmir. Belə bir nəticə müstəqillik tariximizin ən böyük siyasi uğurlarından biridir. Halbuki Azərbaycan heç vaxt hegemonluq siyasəti yürütməyib, heç bir dövlətə qarşı ərazi iddiası irəli sürməyib, beynəlxalq hərbi blokun qarşıdurma siyasətinə qoşulmayıb. Lakin, eyni zamanda, milli maraqlarını heç bir təzyiq qarşısında güzəştə getməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas fərqləndirici xüsusiyyəti də budur. Milli maraqları beynəlxalq hüquq çərçivəsində müdafiə etmək, heç bir güc mərkəzinin geosiyasi alətinə çevrilməmək əsas xəttimizdir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O, diqqətə çatdırıb ki, dövlətimizin qəbul etdiyi qərarlar regionun gələcəyini müəyyən edir. Prezident İlham Əliyevin ifadə etdiyi "orta güc" anlayışı ölkəmizin artıq Cənubi Qafqazda yeni geosiyasi tarazlığın əsas memarlarından birinə çevrildiyini ifadə edir.

“Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "orta güc" anlayışı hərbi qələbənin diplomatik, iqtisadi və geosiyasi qələbəyə çevrilməsinin ən dəqiq ifadəsidir. Lakin "orta güc" anlayışı daim güclü iqtisadiyyat, çevik diplomatiya, müasir ordu, daha böyük elmi və texnoloji potensial, daha rəqabətqabiliyyətli insan kapitalı tələb edir. Çünki geosiyasi status birdəfəlik qazanılmır. Onu hər gün qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Ən böyük həqiqət isə budur ki, Azərbaycan artıq öz tarixinin yeni mərhələsini yaşayır. İşğala məruz qalan dövlətdən qalib dövlətə, qalib dövlətdən isə beynəlxalq münasibətlər sistemində söz sahibi olan orta gücə çevrilmək müasir Azərbaycan tarixinin ən böyük dəyişikliyidir. "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və orta gücə yüksəldən isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və müstəqil dövlətçilik kursudur ”, - deyə Z.Oruc əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə