“ABŞ ilə münasibətlərimizin yeni mərhələsi başlayır” - Sahibə Qafarova

"Cey Di Vensin ölkəmizə rəsmi səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir".

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, Xartiya energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm təməl yaradır. Sənəd sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanır, tərəflərin suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiqləyir.

Parlament sədri vurğulayıb ki, dünyanın ən qüdrətli dövlətlərindən biri ilə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi İlham Əliyevin uzaqgörən və ardıcıl siyasətinin nəticəsidir. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı kimi mövqeyini möhkəmləndirib.

Sahibə Qafarova qeyd edib ki, bölgədə baş verən dərin dəyişikliklər fonunda Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə sadiq qalır. Ermənistanla Azərbaycan arasında sülhün təşviqi istiqamətində Amerika Birləşmiş Ştatlarının, xüsusilə Donald Trampın töhfəsi yüksək qiymətləndirilir. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olunmasına, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Milli Məclisin sədri əlavə edib ki, vitse-prezidentin səfəri Azərbaycanın və ABŞ-ın Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı baxışlarının üst-üstə düşdüyünü göstərir. Əldə olunan razılaşmalar Amerika-Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcək, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə