"Kəlbəcər Azərbaycan-Ermənistan münaqişəsi fonunda bizim üçün daim strateji əhəmiyyət daşıyıb. Həm Ermənistanla sərhəddə yerləşməsi, həm də kifayət qədər yüksək dağ zirvələri ilə əhatə olunması Kəlbəcər rayonunu müharibədən əvvəlki dövrdə də danışıqlar prosesinin çətin nöqtələrindən birinə çevirib". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, ermənilər heç bir zaman Kəlbəcərin Azərbaycana qaytarılması ehtimalını belə müzakirə etmirdilər: "Lakin Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ermənistan həm döyüş meydanında, həm də diplomatiya sahəsində məğlubiyyətə uğradı və işğal etdikləri ərazilərin bir hissəsini, o cümlədən Kəlbəcər rayonunu bir güllə atmadan tərk etdilər. Kəlbəcər rayonu Camışdağ və Dəlidağ kimi yüksək zirvələrlə əhatə olunub ki, bu yüksəkliklərdən düşmənin bütün müdafiə zolağı bu gün Azərbaycan əsgərləri tərəfindən müşahidə olunur.
Ən böyük içməli su ehtiyatlarına malik olan Kəlbəcər rayonu işğal dövründə Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən ikinci dəhlizin keçdiyi bir rayon idi. Bu rayon vasitəsilə Ermənistan həm Qarabağa silah, texnika və qoşunu daşıya bilirdi, həm də Qarabağın, xüsusilə Ağdərə və Kəlbəcərin təbii ehtiyatlarını Ermənistana daşıya bilirdi. Basarkeçərdən başlayaraq Kəlbəcərdən keçən yol Ağdərə və Xankəndiyə qədər gedib çıxırdı və bu yol məhz işğal dövründə çəkilmişdi.
Lakin müharibənin ilk günlərində Azərbaycan ordusu bu yolu, Qoruşan qəsəbəsini azad edəndən sonra Basarkeçər-Kəlbəcər yolunu nəzarətə götürməklə düşmənin bu istiqamətdə daşınmalarını və hərbi manevrlərini məhdudlaşdırdı. Sonradan isə Ermənistan Vətən müharibəsində kapitulyasiya aktını imzaladıqdan sonra bir güllə belə atmadan Kəlbəcər rayonunu tamamilə Azərbaycana qaytarmağa məcbur oldu.
Bu gün Kəlbəcər yenidən inkişaf edir, yenidən qurulur. Hazırda Kəlbəcərdə Azərbaycan kifayət qədər güclü hərbi infrastruktur yaradıb, rayonda komando hissələri fəaliyyət göstərir, onların tərkibi genişləndirilir, silahlanmasına xüsusi diqqət yetirilir. Bu gün tam əminliklə deyə bilərik ki, Ermənistan bundan sonra Kəlbəcərə gözünün ucuyla belə baxa bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB