2025-ci ilin 30 sentyabr tarixi Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatla yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verir. Həmçinin dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir. Bütün ölkələr ilə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan daim yeni dostlar, tərəfdaşlar qazanır. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Hazırda yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın bu yanaşmasına xüsusi önəm verilir, əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkələrin sayı artır. Prezident İlham Əliyev suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı xüsusi qeyd etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Bütün qitələrdə dostlarımızın sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək. Azərbaycan-İtaliya münasibətləri də qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavriat, 102-si isə magistratura səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə