Qurtuluşdan Zəfərə aparan tarixi yol

Milli Qurtuluş Günü, əslində Azərbaycan xalqının xilası, dövlət kimi yenidən dirçəliş tapdığı bir təqvimdir!

Xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun - Milli Qurtuluş Günü hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Milli Qurtuluş Günü, əslində Azərbaycan xalqının xilası, bir dövlət kimi yenidən dirçəliş tapdığı bir təqvimdir. Bu tarixi yazan isə Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanmasında, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Artıq beş ildir ki, xalqımız bu günü qalib xalq kimi, qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlüyümüz təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazanılmış qələbə Ulu Öndərin ən böyük arzusunun, Azərbaycanın bütövlüyünün təsdiqi idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Ümummilli Liderin 1993-cü il iyunun 15-də ikinci dəfə hakimiyyətə qayıdışı, əslində Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması ilə səciyyələnir. Ötən əsrin sonlarında yenidən müstəqillik fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtki iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğal, ağırlaşan iqtisadi-siyasi, sosial vəziyyət xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə xal öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Ümummilli Lider Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Tezliklə ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. İlk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi. 1995-ci ildə yeni Konstitusiya qəbul olundu. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Keçmişə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

Xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də layiqli varis yetişdirməsidir. Bu gün Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Tam əminliklə demək olar ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq. Çünki ölkəmizin İlham Əliyev kimi güclü siyasi iradəyə malik, dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Ölkə başçısının bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirməkdədir.

Göründüyü kimi, Heydər Əliyev dühasının işığında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha böyük zəfərlərə imza atacaq, daha uca zirvələr fəth edəcəkdir.
Azərbaycan dünyanın ən ikşaf etmiş dövlətləri cərgəsində ilk yerləri tutmuş qüdrətli dövlətə çevriləcəkdir!

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə