Soçi görüşündə gündəm nədir? POLİTOLOQ AÇIQLADI

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ölkələri arasında yeganə dövlət başçısıdır ki, Rusiya lideri Putinlə normal münasibətləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ərdoğan və Putin müntəzəm olaraq əlaqə saxlayır: "Bu əlaqələr prosesində həm bölgənin, həm də qlobal problemlərin həlli istiqamətində mülahizələr edirlər və edilən mülahizələr qısa zamanda nəticəsini verir. Bu mənada, Soçi görüşünün əhəmiyyəti böyükdür. Soçi görüşü həm regional xarakterli, həm də qlobal xarakterli məsələlərə müəyyən töhfələr verə bilər. Ukrayna və Rusiya arasındakı münasibətlər prosesində atəşkəsə nail olmaq yollarıdır. Uzun müddətdir ki, Türkiyə müharibə meydanında atəşkəsə nail olmaq üçün tərəflərə vasitəçilik edir. Bu mənada, Ərdoğan həm Putinlə, həm də Zelenski ilə normal əlaqələr saxlayır. Hər iki tərəf Türkiyə prezidenti Ərdoğana etimad göstərir. Türkiyənin vasitəçilik səyləri içərisində, xüsusilə, Ukrayna taxılının Qara dənizdən dünya ölkələrinə daşınması məsələsi əsas yerdə dayanır. Türkiyənin uzunmüddətli səyləri nəticəsində Odessa limanından Ukrayna taxılının maneəsiz və təhlükəsiz çıxarılması üçün razılaşma əldə edilib. Bu məqsədlə İstanbul şəhərində Rusiyanın müdafiə naziri Şoyqu ilə Türkiyənin müdafiə naziri Akar arasında BMT-nin qəyyumluğu ilə müqavilə imzalanıb. Artıq həmin müqavilə işləməkdədir. İndi Ukrayna və Rusiya arasında atəşkəs rejimi nəticələri haqqında birmənalı fikirlər söyləmək çətindir. Çünki atəşkəs rejimi məsələsinə Ukrayna isti yanaşmır və işğal edilmiş ərazilərinin tamamilə azad edilməsini ilkin şərt kimi irəli sürür. Rusiyanın da öz şərtləri var. Rusiya tərəfindən də atəşkəs rejiminə nail olmağın və bu yöndə Türkiyənin vasitəçilik səylərinin uğurla nəticələnə biləcəyini söyləmək o qədər asan deyil".

Qabil Hüseynli sözlərinə əlavə edərək bildirib ki, gündəmdə olan əsas məsələlərdən biri də Türkiyənin Suriyadakı terrorçulara qarşı mübarizəsidir: "Türkiyə Suriya sərhədində təhlükəsizlik məqsədi ilə məhdud əhəmiyyətli hərbi əməliyyatların keçirilməsidir ki, Türkiyə bunu çox vacib hesab edir. Çünki Türkiyə ərazisində həm PKK, həm də YPG terror qüvvələri çox geniş şəkildə məskunlaşıblar. Terror qrupları Türkiyə üçün həm sərhəddə, həm də ölkə daxilində təhlükələr törədir. Ona görə Türkiyə Suriyanın cənubunda 30 kilometrlik bir məsafədə hərbi əməliyyatlar apararaq əraziləri təmizləmək niyyətindədir. Bir ay bundan öncə İranın paytaxtı Tehranda baş tutan Üçlü görüşdə Putin, İran prezidenti Rəisi və Ərdoğan iştirak etmişdi. Türkiyənin bu ərazilərdə öz təhlükəsizliyini təqdim etmək məqsədi ilə əməliyyat aparılması məsələsinə razılıq verilmədi. Türkiyə belə hesab edir ki, əsas açar Rusiyadır. İranın razılığı olmadan da bu əməliyyatları keçirmək olar".

Politoloq son olaraq fikirlərini belə yekunlaşdırıb ki, Soçi görüşünün gündəminin əsas mövzularından biri Qarabağ olacaq: "Xüsusilə son hadisələr fonunda Ermənistan tərəfinin atəşkəs rejminin pozulması və "Qisas" əməliyyatının keçirilməsi gündəmin mövzularındandır. Azərbaycan uğurlu cavab tədbirləri ilə Ermənistan silahlı birləşmələrini susdursa da, gərginlik davam edir. Ərdoğan bölgədə dayanaqlı sülhü əngəlləyən məsələləri də gündəmdə saxlayacaq. Üçtərəfli bəyanatın qeyd -şərtsiz bütün müddəalarının həyata keçirilməsinin müzakirəsi olacaq. Ən mühüm məsələ Azərbaycanın suveren əraziləri olan yuxarı Qarabağda erməni silahlılarının qeyri-qanuni yerləşdirilməsi məsələsidir. Bu silahlı qruplaşmaların qısa müddətdə çıxarılması ilə bağlı Azərbaycana vəd verilmişdi. Ermənistan tərəfi vədlərə əməl etməyərək müxtəlif bəhanələrlə prosesi uzadır. Bu məsələnin sentyabrın 1-ə qədər həll edilməsi barədə ortaq bir fikir mövcuddur. Azərbaycan sentyabr ayının 1-ə qədər erməni tərəfinə vaxt verib. Əgər erməni silahlıları Azərbaycan ərazisindən çıxarılmazsa, antiterror əməliyyatları davam edəcək".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...