Biz imza atdığımız hər bir layihənin arxasındayıq - DEPUTAT AÇIQLADI

"44 günlük şanlı müharibədən sonra Azərbaycan 30 ildən artıq işğalda altında olan, xarabalığa çevrilən, yerlə-yeksan edilən Qarabağın hər bir guşəsində böyük quruculuq işlərinə başladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, eyni zamanda bölgədə sosial layihələrin həyata keçirilməsi başlandı: "30 ildən artıq torpağına həsrət qalmış hər bir Azərbaycan vətəndaşının öz vətəninə geri dönməsi və orada tam təhlükəsiz şəkildə yaşaya bilməsi üçün layihələr həyata keçirilməyə başlandı. Burada torpaqların dirçəldilməsini, burada yaşayan və bundan sonra yaşayacaq olan vətəndaşların təhsil, səhiyyə və digər problemlərinin həll olunması sahəsində işlər görülməyə başlanılıb. Eyni zamanda inzibati binaların, yaşayış binaların, otellərin tikilməsinə start verildi. Bütün bunlar çox qısa zaman kəsiyində həyata keçirilən böyük quruculuq işləridir. Bu böyük işlərin hər birinin arxasında güclü Azərbaycan dövləti, güclü ordusu və Müzəffər Ali Baş Komandan durur. Cənab Prezidentin də qeyd etdiyi kimi bizim sözümüz imzamızdır. Bu gün biz imza atdığımız hər bir layihənin arxasındayıq.

Bu gün Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş parlaq ulduzuna çevrilir. Bu əlbəttə ki, ölkədə gedən böyük quruculuq işləri, həyata keçirilən həm yerli, həm də beynəlxalq layihələr sayəsində mümkün olur. Bu günlərdə Böyük Qayıdışın ayrılmaz tərkib hissəsi olaraq Şuşaya və Ağdama avtobus-marşrut xətləri açıldı. Bu xətlər vasitəsilə hər bir Azərbaycan vətəndaşı Şuşaya və Ağdama səfər edə biləcəklər. Bu da bir daha bizim Qarabağda mövcudluğumuzun, var olduğumuzun və bu torpaqların əzəli sahibləri olduğumuzu bir daha isbat edir. Bu gün Böyük Qayıdış sayəsində Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə