Sülhməramlılar vəziyyəti çətinləşdirərsə, nələr olacaq... ARAŞDIRMA
Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da qeyd olunub.
Əgər Rusiya BMT qətnamələri kimi, növbəti 30 ildə də Azərbaycanı 10 noyabr sazişinin icrasını beynəlxalq birlikdən tələb etməyə məcbur edəcəyini düşünürsə, yanılır. Azərbaycan tankları və artilleriyası ilə əhatə olunmuş Xankəndi ətrafındakı erməni hərbi hissələrinə bir yaylım atəşi kifayət edəcək ki, Qarabağda bir erməninin tozu belə qalmasın. Başıboş Ermənistan rəhbərləri rusların eyş-işrət zamanı istifadə etdikləri vasitəyə çevrilməməli, öz xalqlarının gələcəkləri barədə düşünməlidirlər. Qarabağa əsgər göndərmək əvəzinə Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalayıb, sakit həyata keçməlidirlər.
Müdafiə Nazirliyinin bəyanatından düzgün nəticə çıxarılmasa, Azərbaycan BMT qətnamələrini yerinə yetirdiyi kimi, 10 noyabr sazişinin də icrası ilə əlaqədar qəti addımlar atmalı, Rusiya ilə münasibətlərə və sülhməramlıların statusu məsələsinə yenidən baxmalıdır. Ceyhun Bayramov təcili Türkiyəyə uçmalı və mövcud vəziyyət ciddi müzakirə olunmalıdır. Region dövlətləri və beynəlxalq birlik baş verənlər barədə ətraflı məlumatlandırılmalıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son bəyanatında Rusiyadan tələb olunur ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının rus sülhməramlılarının nəzarətində olan ərazisində yerləşdirilməsinə son qoyulsun.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin mövzu barədə müsahibəsini təqdim edirik: - Rusiyadan fərqli olaraq, kiçik istisnalarla, Azərbaycanda hər kəs Rusiya ilə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Təəssüf ki, Rusiya siyasi elitasındakı bir çoxları keçmiş sovet respublikalarının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyin Rusiyanın maraqları baxımından nə qədər faydalı olduğunu anlamır. Onlar Azərbaycanı bərabərhüquqlu dost, qonşu ölkə kimi yox, özlərinin forpostu kimi görmək istəyirlər. Bununla da ciddi səhvə yol verirlər. Keçmişin nostalgiyası ilə yaşayıb, zamanla ayaqlaşa bilməyənlərin gələcəkdə yeri olmur. Zaman onları cəzalandırır, tarixə çevirir. Beynəlxalq münasibətlərdə öz öhdəliklərinə, beynəlxalq hüquq normalarına əməl etməyən, etibarsız dövlətlər “rogue state” adlanır. “Rogue” sözünün ingiliscə bir mənası da dələduz deməkdir. Belə çıxır ki, Rusiya Azərbaycanın ona olan etimadından sui-istifadə edərək 10 noyabr sazişinin imzalanmasına nail olur və öz hərbçilərini sülhməramlı kimi Azərbaycan ərazisinə yerləşdirir, bundan sonra isə nəinki sazişin şərtlərinə uyğun olaraq Ermənistandan hərbi hissələrini Azərbaycan torpaqlarından çıxarmağı tələb etmir, əksinə, darmadağın edilmiş Ermənistan ordusunun yenidən qurulmasına kömək edir, Ermənistan hərbçilərinin onların nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilməsinə göz yumur. Beynəlxalq arenada təklənmiş və qorxudulmuş Rusiya Dumaya seçkilər ərəfəsində onsuz da müsbət olmayan beynəlxalq imicini bu formada zədələməklə ermənilərin rəğbətini qazanacağını, yaxud ermənipərəst Qərb dairələrindən bir “molodets” alacağını düşünürsə, yanılır. Nə ermənilərin, nə Qərbin Rusiyaya münasibəti dəyişəndir. Qazanacaqları o olacaq ki, 44 günlük savaşda beynəlxalq hüquqa hörmət edib neytrallıqlarını saxladıqları üçün Rusiyaya müsbət mənada münasibəti dəyişən türk dünyasını, əsl müsəlmanları xəyal qırıqlığına uğradacaq, Azərbaycanda və dünyada Rusiya əleyhinə təbliğat aparanlara əlavə sitimul vermiş olacaqlar.
Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB