"Ermənistan həmişə çalışır ki, regionda xaos olsun" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan tərəfinin bu cür təxribatları son vaxtlar istər sərhəd bölgəsində, istər Naxçıvan bölgəsində artıb. Artıq münaqişənin həll olunub orada rus sülhməramlılarının yerləşdiyi ərazidə belə təxribatlara əl atması regionda yenidən hərbi əməliyyatların qızışması ehtimalını yüksəldir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə istənilən halda hazırda Cənubi Qafqazda yaradılmış geosiyasi reallığın arxitektoru olan Azərbaycan, Türkiyə və Rusiya rəhbərliklərinin siyasi iradəsi nəticəsində buna yol verilməyəcək: “Ona görə ki, hazırda regionda yeni müharibənin qızışması heç bir tərəfin xeyrinə deyil. Elə ilk növbədə Ermənistanın xeyrinə deyil. Əgər, Ermənistan hansısa xarici aktorların təhriki ilə bu kimi təxribatları davam etdirsə, əlbəttə ki, hərbi əməliyyatlar qızışa bilər. Amma düşünürəm ki, hazırki geosiyasi konfiqurasiyanın aktorları olan Azərbaycan, Türkiyə və Rusiya çalışacaqlar ki, bu baş verməsin. Hazırda yaranmış vəziyyətlə barışmaq istəməyən və burada öz nüfuzunun məhdudlaşdırılmasına, itirilməsinə razı olmayan ABŞ, Fransa kimi dövlətlər bu kimi təxribatlara rəvac verməyə çalışacaqlar. Burada əsas Ermənistanı “obrazlı” cəsarətləndirən Qərb tərəfdən verilən bu bəyanatlardır. Azərbaycan Prezidenti bir neçə gün bundan əvvəl Xocasəndəki mərasimdəki çıxışında çox qətiyyətli bir şəkildə fikrini bildirdi. Çünki Ermənistan həmişə çalışır ki, regionda xaos olsun. Öz çirkin niyyətlərini bu xaos nəticəsində həyata keçirtsin”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə