“Xarıbülbül” festivalından dünyaya mesaj - ŞƏRH

Bəli, məhz Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə, son 18 ildə özünü dəfələrlə isbatlayıb. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də son 30 ildə bu qədər qürurlu, güvənli olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız, Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Sözünə, vədinə sadiq olan xalqın Qalib Prezidenti

Bəli, 44 gün ərzində 30 il işğalçı Ermənistanın əsarətində olan torpaqlarımızı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad etdi. Və torpaqların sahibləri öz torpağına sahib oldu. Artıq bu gün "gün o gün gələcək" ifadəsi reallığa çevrilib. Xalqımız o günün mütləq yetişəcəyinə, bayram tonqallarının Qarabağda qalanacağına əmin idi, artıq bu, reallığa çevrildi. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi. Prezident İlham Əliyev xalqımıza builki Novruz təbrikini Şuşadan ünvanladı: "Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir".

«Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Bu gün artıq bütün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayraqlarımız dalğalanır. "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil" deyən Qalib Sərkərdəmiz, Prezident İlham Əliyev 44 gün ərzində 30 illik həsrətə son qoymaqla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etdi.

Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 29 ildən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən tarixi festival idi. Və “Xarıbülbül” festivalının açılışı zamanı Qalib Sərkərdəmiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onların ailə üzvləri də tədbirdə iştirak edərək xalq-iqtidar həmrəyliyini nümayiş etdirdilər. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Hər günü bir tarixi qələbə olan 44 gün

Bəli, 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü xalqımızın tarixinə qələbə kimi yazıldı. Bu Zəfəri şəhidlərimizin canı, qanı bahasına əldə etdik. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan, 29 ildən sonra Azərbaycan mədəniyyətini Şuşaya gətirən “Xarıbülbül” musiqi festivalı bir daha birliyimizin, həmrəyliyimizin, kimliyimizin, milli qürurumuzun təqdimatı oldu. Üçüncü dəfə Şuşaya səfər edən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri böyük qürurla, sevinclə qeyd etdi ki, mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bir sözlə, Şuşa 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi ilə Zəfər tariximizin yeni bir növbəti salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır. Bəli, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Dövlət başçımızın dediyi kimi: "Mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!".

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə