Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq olaraq hər bir dövlət orqanının yerləşdiyi binanın görünən yerindən asılacaq

Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq olaraq hər bir dövlət orqanının yerləşdiyi binanın görünən yerindən asılacaq

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təsdiqlənib. SİA-nın xəbərinə görə, qanuna dəyişikliyə əsasən dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq xidmət göstərən hər bir dövlət orqanının yerləşdiyi binanın görünən yerindən asılmalıdır. Əlavəyə əsasən şəhadətnamənin (apostilin) verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi 10 manat təsdiqlənib.

Eyni zamanda iclasda "Məhkəmələr və hakimlər haqqında" qanuna, "Konstitutsiya Məhkəməsi haqqında" qanuna, "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər təsdiqlənib. Layihə barədə məlumat verən parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərə əsasən vəfat etmiş sabiq məhkəmə hakimlərinin pensiyalarına əlavələr almaq hüququ onun ailə üzvlərinə keçəcək. İclasda çıxış edən deputat Elmira Axundova həkimlərin maaşlarının və təqaüdlərinin artırılmasını, Aqil Abbas isə prezident tərəfindən verilən təqaüdlərin sonradan onu alan şəxslərin ailə üzvlərinə keçməsi təklifi ilə çıxış edib.

Millt vəkili Siyavuş Novruzov isə sabiq deputatlara işlə təmin olunan müddətədək ən azı 2 il onlara maaşlarının verilməsi təklifi ilə çıxış edib. Deputat Azay Quliyev və Qənirə Paşayeva isə vaxtı ilə Rusiyada çalışan azərbaycanlıların pensiyalarının düzgün hesablanmadığını diqqətə çatdırıblar.

Q. Paşayeva Azərbaycan parlamentinin bununla bağlı sənədi ratifikasiya etdiyini, lakin Rusiya tərəfindən hələ bir addımın atılmadığını söyləyib və bununla bağlı Rusiya parlamentinə müraciət ünvanlanmasını vacib sayıb. Adıçəkilən qanun laiyhələrinə əlavə və dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.

Həmçinin Milli Məclisin bu gün keçirilən iclasında "Prokurorluq haqqında" qanuna və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna dəyişikliklər də təsdiqlənib. Layihə barədə məlumat verən parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərə əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanılmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək. Bu zaman qeyd olunan sahədə qanunların icrasına nəzarəti Azərbaycan Baş Prokuroru həyata keçirəcək. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunaedilmiş dəyişiklik isə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirə bilər. Qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə