"Böyük Qayıdış Qarabağın Azərbaycanın iqtisadi həyatına inteqrasiyasına yol açır" - ŞƏRH
"İşğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdış üzrə Dövlət Proqramı birinci istiqamətdə icra olunur. Bura, ilk növbədə, həmin ərazilərdə insanların yenidən məskunlaşdırılmasının təşkilini aid etmək lazımdır. Daimi yaşamaq, oxumaq və işləmək üçün 100 mindən artıq insanın azad olunmuş ərazilərdə yerləşdirildiyinə dair məlumatlar var". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bunlar sözsüz ki, əhəmiyyətli istiqamətlərdir:
"Çünki bu, həm həmin bölgələrdə insan amili baxımından məskunlaşmanın təmin edilməsi deməkdir, həm də bölgənin bərpası üçün çox zəruri olan işçi qüvvəsinin artırılması və iqtisadi potensialın bərpası baxımından böyük əhəmiyyət daşıyır. Digər istiqamət burada müəyyən enerji infrastrukturunun sürətlə yaradılmasıdır. Bura, ilk növbədə, bərpaolunan enerji obyektlərinin, yəni hidroenerji və külək enerjisi obyektlərinin yaradılması aiddir. Bu da azad olunmuş bölgələrdə Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindən biridir.
Azad olunmuş bölgələr Azərbaycanın enerji ixracı perspektivində önəmli çıxış nöqtəsidir. Çünki bu bölgələrdə istehsal edəcəyimiz, hazırda istehsal olunan və ixracına hazırlıq görülən bərpaolunan enerji həcmlərinin, demək olar ki, əsasən ixracata yönəldilməsi planlaşdırılır.
Böyük Qayıdışın mühüm istiqamətlərindən biri də bu ərazilərdə sosial infrastrukturun yaradılmasıdır. Artıq məktəblərdən, yollardan, körpülərdən və universitetlərdən ibarət böyük sosial infrastruktur obyektləri yaradılmaqdadır. Qarabağ Universiteti fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə yaşayan insanların da şahid olduğu kimi, burada dünya standartlarından bəlkə də yüksək səviyyədə yollar çəkilir.
Bütün bunlar həmin ərazilərin həm görünüşünü dəyişdirir, həm onların hərtərəfli müdafiəsinin təmin edilməsinə töhfə verir, həm də azad olunmuş ərazilərin 30 illik təcriddən, dağıntılardan və fəlakətdən sonra Azərbaycanın əsas iqtisadi strukturuna inteqrasiya olunmasını şərtləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB