“Şəxsin razılığı olmadan saxta videoların hazırlanması hüquqi məsuliyyətdir” -HÜQUQŞÜNAS DANIŞDI

“Şəxsin razılığı olmadan saxta videoların hazırlanması hüquqi məsuliyyətdir” -HÜQUQŞÜNAS DANIŞDI

“Süni intellekt vasitəsilə saxta video, foto və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi məsuliyyət məsələsinə aydınlıq gətirmək istəyirəm. İlk növbədə qeyd etmək lazımdır ki, süni intellektdən istifadə etməklə hər hansı saxta məzmunun hazırlanması özlüyündə hər zaman cinayət əməli hesab edilmir”.

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, eləcə də xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması, yaxud həmin materialların mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması cinayət məsuliyyəti yaradır:

“Burada əsas məqam şəxsin razılığının olmaması, onun görüntüsündən və ya səsindən istifadə edilməklə reallığı əks etdirməyən materialın hazırlanması və ya qanunda göstərilən qaydada yayılmasıdır. Belə materialların hazırlanması zamanı şəxsin əvvəlki fotoşəkillərindən, videolarından və səs yazılarından istifadə edilməsi də konkret hallardan asılı olaraq hüquqi qiymətləndirilə bilər. Bununla yanaşı, materialın süni intellekt vasitəsilə hazırlandığı barədə müvafiq qeydin göstərilməməsi həmin maddədə ayrıca cinayət əməli kimi nəzərdə tutulmayıb. Buna görə də hər bir hadisəyə qanunvericiliyin tələbləri əsasında ayrıca hüquqi qiymət verilməlidir.

Vətəndaşlar bilməlidirlər ki, onların razılığı olmadan görüntülərindən və ya səslərindən istifadə edilməklə saxta materiallar hazırlandıqda və ya bu materiallar qanunda nəzərdə tutulan qaydada yayıldıqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və yerli polis orqanlarına müraciət edərək faktın araşdırılmasını tələb edə bilərlər. Bu zaman materialın yerləşdirildiyi internet səhifəsinin və ya sosial şəbəkə hesabının məlumatlarını, paylaşımın keçidini, ekran görüntülərini və digər mövcud sübutları qoruyub saxlamaq məqsədəuyğundur. Həmin məlumatlar hadisənin araşdırılması zamanı əhəmiyyət daşıya bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsinə əsasən, qeyd olunan əməli törədən şəxslər 3 000 manatdan 7 000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Məcəllənin 148-2.2-ci maddəsində isə bu əməllərin ağırlaşdırıcı hallarda törədilməsi üçün daha sərt cəza nəzərdə tutulur. Belə ki, əməl bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı yönəldikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədi daşıdıqda, yaxud zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə və ya yaxın qohumlarına qarşı törədildikdə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Bundan əlavə, zərərçəkmiş şəxsin mülki qaydada iddia qaldırmaq hüququ da mövcuddur. Əgər şəxsin görüntülərindən və ya səsindən qanunsuz istifadə edilməsi nəticəsində ona maddi və ya mənəvi zərər dəyibsə, müvafiq hüquqi əsaslar və sübutlar olduğu halda həmin zərərin ödənilməsini tələb edə bilər. Çünki saxta materialların hazırlanması və yayılması şəxsin şəxsi həyatına, şərəf və ləyaqətinə, nüfuzuna və digər qanunla qorunan hüquqlarına zərər vura bilər. Belə hallarda cinayət məsuliyyəti məsələsi ilə yanaşı, zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi məsələsi də hüquqi baxımdan qiymətləndirilməlidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə