“Valideynlərin rəqəmsal asılılığı uşaqlara ayrılan vaxtı və diqqəti azaldır” - PSİXOLOQ DANIŞDI

“Valideynlərin rəqəmsal asılılığı uşaqlara ayrılan vaxtı və diqqəti azaldır” - PSİXOLOQ DANIŞDI

“Biz çox vaxt uşaqlardan müəyyən davranış qaydalarına əməl etməyi tələb edirik, lakin təəssüf ki, valideynlərin özlərinin də rəqəmsal asılılıq problemi ilə üzləşdiyini nəzərə almırıq”.

Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bir çox hallarda uşaqların telefon, planşet və kompüterdən intensiv istifadə etməyə başlaması məhz ailədə, valideynlərin davranışlarını müşahidə etmələri ilə bağlıdır:

”Uşaqlar ilk növbədə evdə gördüklərini mənimsəyir, valideynlərin istifadə etdiyi texnoloji vasitələrə maraq göstərirlər. Onlar özləri müstəqil şəkildə telefon və ya digər texniki vasitələr əldə edə bilmədikləri üçün bu imkanları onlara, əsasən, valideynlər yaradır. Valideynlər isə bəzən düşünürlər ki, istədikləri vaxt uşağın əlindən telefonu ala və onun istifadəsinə məhdudiyyət qoya biləcəklər. Lakin rəqəmsal vərdişlər formalaşdıqdan sonra bu, heç də həmişə asan olmur.

Digər tərəfdən, valideynlərin uşaqlara ayırmalı olduqları vaxtı telefon və kompüter qarşısında keçirmələri də ciddi problemdir. Bəzi valideynlər bunu işlə əlaqədar etdiklərini bildirirlər. Onlar işlərini evə gətirir, evdə olarkən də telefon və kompüterdən ayrılmırlar. Digərləri isə gündəlik məişət qayğılarından, ev işlərindən, yemək bişirməkdən və uşaqlarla məşğul olmaqdan yorulduqlarını əsas gətirərək özlərinə vaxt ayırmaq istədiklərini bildirirlər. Nəticədə günün böyük hissəsini sosial şəbəkələrdə, müxtəlif qruplarda və insanlarla virtual ünsiyyətdə keçirirlər.

Təəssüf ki, belə davranışlar valideynlərlə uşaqlar arasında emosional məsafənin yaranmasına səbəb olur. Valideynlər fərqinə varmadan övladlarına ayırmalı olduqları vaxtı və diqqəti rəqəmsal vasitələrə sərf edirlər. Bu isə uşaqların özlərini tənha hiss etməsinə, müəyyən dövrlərdə sosial münasibətlərdən uzaqlaşmasına, özünə qapanmasına və gələcəkdə daha ciddi psixoloji problemlərlə üzləşməsinə gətirib çıxara bilər. Buna görə də uşaqlardan rəqəmsal vasitələrdən düzgün istifadə etməyi tələb etməzdən əvvəl valideynlər öz davranışlarını təhlil etməli və şəxsi nümunələri ilə övladlarına düzgün istiqamət verməlidirlər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə